Özbəkistanda Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulub.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostend, eləcə də Qara Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
Tədbirdə 20 Yanvar faciəsinə dair "Lider" televiziyası tərəfindən lentə alınmış sənədli film nümayiş etdirilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan tarixində qəhrəmanlıq səlnaməsi kimi xatırlanan 20 Yanvar hadisələri barədə danışaraq müstəqilliyimizin əldə edilməsində bu hadisələrin mühüm əhəmiyyəti olduğunu qeyd edib. O, Azərbaycan xalqının 20 Yanvar şəhidlərinin əziz xatirəsini həmişə fəxrlə andığını bildirib.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri olan 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat verib.
Diqqətə çatdırıb ki, faciədən bir neçə gün əvvəl Rusiyanın Stavropol, Krasnodar və Rostov vilayətlərindən muzdlular toplanmış və yanvarın 19-da sovet imperiyasının qoşunları ilə birgə Bakıya yeridilib.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə olaraq sərt mövqe bildirdiyini, ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla, Sovet rəhbərliyini tənqid edən bəyanat verdiyini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırdığını qeyd edib. O, çıxışında bildirib ki, Uu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra faciəyə ilk dəfə olaraq hüquqi qiymət verilib.
Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov, özbək şairi Sunnatulla Suleymanov, jurnalist Şövkət Əliyeva və başqaları sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləyiblər.
Anım günündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, mərasim iştirakçıları arasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın müraciəti yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB