Azərbaycan Dillər Universitetində xalq şairi Məmməd Arazın 80 illik yubileyi qeyd olunub
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş "Məmməd Araz novator şair idi" mövzusunda Respublika konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı, şair Aqil Abbas, Məmməd Arazın ailə üzvləri, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, universitetin tələbələri, media nümyəndələri və başqaları iştirak ediblər.
Konfarnsı ilk olaraq ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov açaraq Məmməd Arazın Azərbaycan poeziyasına verdiyi tövhələrdən söz açıb: "Dahi şairimiz Azərbaycan xalqına özünü dərk, ən gözəl və yüksək ədəbiyyat incilərini bəxş edib. Bu gün ADU-də Məmməd Arazın yubiyleyinin keçirilməsi, çox vacib, məntiqli və əhəmiyyətli hadisədir. Çünki Azərbaycan mədəniyyəti bütün dünyada özünəməxsus yer tutub. Dünyanı dərk etmək, xarici mədəniyyətləri öyrənmək, əcnəbi dillərdə danışmaq üçün siz ilk öncə öz dilinizi, ədəbiyyatınızı dərindən mənimsəməlisiniz. Buna görə də Məmməd Araz fəsləfəsi ən yüksək yerdə duran ədəbiyyatdır".
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Nurlana Qasımlı "Məmməd Araz novator şair idi" müvzusunda məruzə edib.
Daha sonra Milli Məclisin deputatı Aqil Abbas çıxış edərək ölməz şairimiz Məmməd Arazın həyatında bəhs edən kitabdan danışaraq sözügedən kitabın müəllifi Ələddin Əliyevə dərin minnətdarlığını bildirib: "Əllədin bəy bu kitabın üzərində 5 ildən çox işləyib. Sözügedən kitabda Məmməd Arazın bioqrafiyasından, bir sözlə bütün həyat səlnamələrindən bəhs olunur. Kitab təkcə Azərbaycan dilində deyil, həmçinin ingilis, fransız dillərinə də tərcümə olunub. Hər bir şair özünə qiymət verir. Məmməd Araz "şair" sözünün böyüklüyü qarşısında aciz olduğunu xüsusilə vurğulayaraq söyləyib ki, "Nizami, Fizuli kimi şairlərin yanında özümə şair deməyim düzgün olmazdı". Bu da Məmməd Arazın poeziyaya verdiyi qiymətin göstəricisidir".
Konfransda "Azərbaycan" jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli və digərləri də çıxış edərək Məmməd Araz haqqında xatirələrini dilə gətiriblər.
Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım Fətəliqızı hazırki vəzifəsindən danışaraq məqsədi həyat yoldaşının yaradıcılığını qoruyub-saxlamaqdan ibarət olduğunu söyləyib: "Məmməd Arazın yazdıqlarını məndən başqa heç kim oxuya bilmir. Çünki yazdığı hərifləri anlamaq çətindir. Saatlarla fikirləşirəm ki, görəsən bu sözün əvəzinə nə yazmaq yerinə düşər. Özündən soruşurdum, cavab verə bilmirdi. Mən, onun əsərlərinin itməməsinə çalışmışam. İndi gənclərimiz komputerlərdən, telefonlardan istifadə edirlər. Lakin biz Sovet dövrünün insanlarıyıq. Bizim yeganə işimiz kitab oxumaq, dərslərimizlə məşğul olmaqdan ibarət olub".
Nəzərinizə çatdıraq ki, Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.
Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləmişdir. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal" ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmiş, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olmuşdur (1992). Adına "Məmməd Araz" ədəbi mükafatı təsis olunub.
1 dekabr 2004-ci ildə Bakıda vəfat edib.
Qeyd edək ki, sonda Məmməd Arazın həyat və yaradıcılığından bəhs edən video çarx, həmçinin Azərbaycan Dillər Universitetinin tələbələrinin ifasında şeirlər səsləndirilib, rəqs və kiçik tamaşalar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB