Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açılıb FOTOLAR

Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi açılıb FOTOLAR

Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, universitetin professor-müəllim heyəti, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərkəzdə ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər yer alıb və arzu edənlərə hədiyyə edilib.

Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbahar Aşurova mərasimi açaraq bildirib ki, bu mərkəz Özbəkistan və Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətini təbliğ edəcəkdir. Burada Azərbaycan və özbək şairlərinin yaradıcılıq və xatirə gecələrinin keçirilməsi nəzərdə tutulur.

Özbəkistan Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov söyləyib ki, bu mərkəz özbək və Azərbaycan xalqlarının dostluğunu, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirir. Burada Azərbaycan dili kursları fəaliyyət göstərəcək və həftədə bir gün Azərbaycan filmləri nümayiş etdiriləcək. Onun sözlərinə görə, Özbəkistanda "Arşın mal alan", "Qaynana", "Əhməd haradadır?" kimi klassik filmlər çox məşhurdur. Burada müəllim və tələbələrimiz yeni Azərbaycan filmlərinə baxmaq imkanı da əldə edəcəklər.

AMM-in direktoru Samir Abbasov qeyd edib ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətində belə bir mərkəzin yaradılması xalqlarımız və dövlətlərimiz arasında mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində əlaqələrin inkişafına yardım edəcəkdir.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuritdinov, Özbəkistan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı İnamcon Azimov və başqaları əmin olduqlarını bildirmişlər ki, bu mərkəz universitetin müəllim və tələbələri arasında sevimli bir məkana çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə