Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edib

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvanda şəhərin, həmçinin, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzuli rayonlarının sakinlərini qəbul edib. SİA-nın məlumatına görə, 40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri dinlənilib.

Müraciətlər yerlərdə incəsənət məktəblərinin açılması, mədəniyyət evlərində ştatların artırılması, mövcud musiqi məktəblərində yeni siniflərin açılması, məktəblərin filiallarının yaradılması, tədris müəssisələri binasında məskunlaşan məcburi köçkünlərin yeni tikilən yaşayış yerlərinə köçürülməsi, mədəniyyət işçilərinə fəxri adların verilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, muzeylərin ekspozisiyalarının tərtibatı, rəsm qalereyasının açılması, mədəniyyət ocaqlarının geyim və avadanlıqlarla təmin edilməsi, turizm sahəsində işlə təmin olunma və digər sosial məsələlərlə bağlı idi.

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev qaldırılan məsələlərin həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlar verib.

Qeyd olunub ki, Şirvan şəhəri və ətraf rayonların mədəni həyatının canlandırılması ilə bağlı səsləndirilən təkliflər olduqca təqdirəlayiqdir.

Nazir jurnalistlərə müsahibəsində qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hökumət üzvlərinin vətəndaşlarla görüşləri artıq mütəmadi hal alıb. Yerlərdə mövcud problemlərin öyrənilməsi, onların həlli ilə bağlı tədbirlərin görülməsi məqsədi daşıyan bu görüşlərin müsbət nəticələri var: "Şirvan şəhərində keçirilən görüşümüzə əvvəlki qəbullarda iştirak etmiş vətəndaşlar da qatılmışdı. Onların qəbula yeni müraciətlərlə gəlməsi qaldırılan məsələlərin həll olunduğunu göstərir. Bu o deməkdir ki, vətəndaşlarımız bu qəbullar vasitəsilə problemlərin həllinə nail ola bilirlər".

Nazir mədəniyyət və turizm sahəsində müvafiq dövlət proqramlarının icra olunduğunu, tədricən bütün müraciətlərin həllini tapacağını vurğulayıb: "Həllini gözləyən bəzi məsələlər də var. Bu sırada yeni klubların inşasını, muzeylərin bərpasını göstərmək olar. Müsbət haldır ki, mədəniyyət ocaqlarında çalışan əməkdaşlar tərəfindən bu cür məsələlər qaldırılır. Biz inanırıq ki, bu cür məsuliyyətli yanaşma mədəniyyət sahəsində xidmət keyfiyyətinin artmasına gətirib çıxaracaq. Biz hər dəfə regionlarda olarkən görürük ki, ölkə başçısının siyasəti insanlar tərəfindən dəstəklənir. Eyni zamanda, vətəndaşlar müxtəlif məsələlərlə bağlı təkliflərlə çıxış edirlər".

Nazir sosial məsələlərlə bağlı müraciətlərin də lazımı instansiyalara çatdırılacağını, onların həlli istiqamətində köməklik göstəriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə