Bu gün Mirzə İbrahimovun doğum günüdür FOTO

Bu gün Mirzə İbrahimovun doğum günüdür FOTO

Azərbaycan yazıçısı və ictimai xadimi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. SİA-nın verdiyi xəbərə görə, Mirzə İbrahimov 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.

Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etdirib. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya -Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə - "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərib. "Həyat" pyesi bu dövrün bəhrəsidir.

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığından bəhs edən nazimədlik dissertasiyasını müdafiə edib. Azərbaycan Elmlər Akademiyası yaradıldığı ildən-1945-ci ildən bu akamediyanın həqiqi üzvü seçilən Mirzə İbrahimov daim elmi fəaliyyətlə də məşğul olub. 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərib.

İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi-"On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla("Gələcək gün-(1948), "Böyük dayaq" , "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə alıb: "Həyat", "Madrid" , "Məhəbbət" pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülüb), "Yaxşı adam" komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanov həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A.Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edib.

O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Respublika Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR -in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olub. Həmçinin, onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilib.

Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olub. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XXU-XXVUI qurultaylarında MK Büro üzvü seçilib. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955, Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olub. O, Sov.İKP XX-XXI və XXUI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilib. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olub. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirib.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaranmasında ciddi əməyi olub. Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi olub. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olub. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilib. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunub.

Qeyd edək ki, Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda 82 yaşında vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə