Bu gün Anarın 75 illik yubileyi keçirildi

Bu gün Anarın 75 illik yubileyi keçirildi

Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 75 illik yubileyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, əməkdar jurnailst, Milli Məclisin deputatı Aqil Abbas, xalq yazıçısı Fikrət Qoca, xalq artisti Firəngiz Mütəllimova, media nümayəndələri və başqaları iştirak ediblər. Tədbirdə ilk olaraq Anarla bağlı sujet tamaşaçılara təqdim olunub.

Nizami Cəfərov xalq yazıçısı Anarın poeziyaya göstərdiyi xidmətlərdən söz açıb: "Azərbaycan xalqına bu cür möhtəşəm əsərlər bəxş edən Anar Rzayev böyük şəxsiyyətdir. Əvvəllər dırnaqarası demokratlar çalışırdılar ki, Yazıçılar Birliyini dağıtsınlar. Ancaq Anar bütün çətinliyə sinə gələrək Yazıçılar Birliyini qorub saxlamağı bacardı və bu səviyyəyə gətirdi. O, yaxşı dost və yol yoldaşıdır. Onunla ünsiyyət qurarkən insan özündə həm səmimiyyət, həm də məsuliyyət hiss edir. Bu da Anarıın böyüklüyündən irəli gəlir".

Daha sonra Milli Məclisin deputatı Aqil Abbas xalq yazıçısı haqqında danışıb: "Anar 25 yaşında da 100 yaşındakı kimi ağsaqqal olub. Əsrin əvvəllərində Cəfər Cabbarlı olub. O, daima millət üçün yanırdı çalışırdı ki, xalqı dirçəltsin. Ancaq 60-cı illərdən sonra Azərbaycan publisistikasında, teatrında poeziyasında Anarın xidmətləri danılmazdır. Anar çox böyük məktəbdir. Ancaq təssüflənirəm ki, bu məktəbi müvəffəqiyyətlə bitirənlərin sayı azdır".

Xalq artisti Firəngiz Mütəllimova çıxışı zamanı özünü xoşbəxt aktrisa hesab etdiyini xüsusilə vurğulayıb: "Qadınlar kişilərin yaraşıqlı olmasından çox, onun xarakterina önəm verirlər. Anar müəllimi sevməyən qadın yoxdur. Çünki o, hər zaman əsərlərində xanıma böyük dəyər verir. Mən bu gün çox xoşbəxt aktrisayam. Çünki Anar müəllim kimi nəhəng yazıçının əsərləri ilə ilk addımlarımı atmışam. "Təhminə və Zaur" filmində "Firəngiz" obrazını canlandırmışam. Ən böyük arzum Anar müəllimin yenidən teatra qayıtmasıdır. Çünki sizin əsərlərinizə həm bizim, həm də tamaşaçıların böyük ehtiyacı var. Siz vətənini, millətini, bayrağını sevən çox böyük sənətkarsınız".

Tədbirin sonunda xalq yazıçısı Anar da səhnəyə çıxaraq bu günü təşkil edənlərə öz təşəkkürünü bildirib: "Həyatın hər anı gözəldir. Onu daha da gözəlləşdirən isə baş verən gözlənilməz hadisələrdir. Bu günün keçirilməsi də mənim üçün gözlənilməz olub. Əslində yubiley həyatın sonuna daha da yaxınlaşıdan bir andır. 75 yaşım oldu. Ancaq bu yaşı özümdə hiss etmirəm. Çünki hələ də mən yazıram və yaşayıram. Mənim də həyatda hər bir insan kimi günahlarım və qüsurlarım olur. Amma çalışıram ki, xalqıma düzgün xidmət edim. Bu tədbiri belə yüksək səviyyədə təşkil edənlərə isə öz təşəkkürümü bildirirəm".

Onu da deyək ki, tədbirin sonunda Anar Rzayevin əsərləri əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev 1938-ci il martın 14-də Bakı şəhərində dünyaya göz açıb. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyub. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb və evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

Anar Rzayevin və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Ruminyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Hazırda atasının sənətini davam etdirir. Anar Rzayev 1987-ci ildən bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə