Özbəkistanda “Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi” adlı tədbir keçirildi
Daşkənd şəhərindəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar "Azərbaycan və özbək xalqlarının mədəni və mənəvi birliyi" adlı tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin professor və müəllim heyyəti, tələbələr iştirak ediblər.
Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov çıxış edərək Azərbaycan və özbək xalqları arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu bildirib. Ş.Şaripov 1947-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan universitetdə bu tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu qeyd edib.
Səfir Hüseyn Quliyev Özbəkistanın müstəqilliyinin 22-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edib, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Səfir əməkdaşlığın bu səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistan Prezidenti İslam Kərimovun xüsusi xidmətləri olduğunu qeyd edib. Diplomat çıxışında əlavə etmişdir ki, Ümummilli Lider Heydər Əliyevi və Prezident İslam Kərimovu yaxın dostluq əlaqələri birləşdirib. İndi həmin dostluq əlaqələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu xalqlarımızın mənafeyinə uyğundur.
Universitetin müəllimi, filologiya elmləri namizədi Gülbaxor Aşurova şair və yazıçılarımızın dostluğundan danışmış, böyük özbək şairi Əlişir Nəvainin dahi Azərbaycan şairi Nizami Gəncəvini özünə ustad hesab etdiyini, onun təsiri ilə "Xəmsə" yazdığını vurğulayıbr. O, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digər klassik şairlərin, o cümlədən müasir qələm sahiblərinin Özbəkistanda sevildiyini diqqətə çatdırıb.
Cəmiyyətin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan diasporunun fəalı Almaz Məcidova və başqaları Azərbaycan və Özbəkistanın ali məktəbləri arasında əlaqələrin yaradılması və inkişafı məsələlərindən söhbət açıblar.
Daha sonra Özbək tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib.
Geniş konsert proqramı ilə davam edən mərasimdə Azərbaycan və özbək mahnıları ifa olunub.
Tədbir çərçivəsində Səfir Hüseyn Quliyev və diplomatlar Universitetdə fəaliyyət göstərən muzeylərlə tanış olmuş və H.Quliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
İştirakçılar dahi Azərbaycan şairi Nizami Gəncəvinin Universitetin qarşısındakı büstü önünə çiçəklər düzmüşlər.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistanın ali məktəbləri və mədəniyyət müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması sahəsində müvafiq işlərin aparıldığını və artıq Özbəkistandakı Azərbaycan Səfirliyi tərəfindən təkliflərin aidiyyatı təşkilatlara göndərildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB