“Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət sərgi keçirildi

“Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət sərgi keçirildi

Bu gün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin İncəsənət bilikləri şöbəsinin təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Xalı və xalçaçılıq" üzrə sənətkarların əl işlərindən ibarət Respublika sərgisi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgidə Elmi-Metodiki Mərkəzin sədri Vilayət İsmayılov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Rəssamlar İttifaqın katibi və xalq rəssamı Ağəli İbrahimov, İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elmi-Metodiki Mərkəzin sədri Vilayət İsmayılov Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərin əvəz olunmaz olduğunu diqqətə çatdırıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinə, xüsusilə də xalçaçılığa göstərdiyi qayğı danılmazdır. Ümummilli Lider Heydər Əliyev siyasətini İlham Əliyev uğurla davam etdirir. Bu quruculuq işində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da prezidentimizə köməyini xüsusilə vurğulayıram. İlham Əliyev xalçaçılıq sənətinə çox böyük diqqət göstərir. Bu günkü tədbirimizdə Azərbaycan xalq yaradıcılığı nümunəsi olan xalçalarımız sərgilənəcək. Bütün dünya Azərbaycan xalçasını çox yaxşı tanıyır. Bu da təbii ki, bizim uğurumuzdur".

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov çıxış edərək bu günkü sərgi Azərbaycan mədəniyyəti üçün çox böyük hadisə olduğunu dilə gətirib: "Bu vacib hadisədə mən də iştirak etdiyim üçün sevinirəm. Ümummilli Lider Heydər Əliyevin mədəniyyət sahəsində ən böyük prinsipi xalqımızın öz mədəni irsini qorumaqdan ibarət olduğunu hər zaman diqqətimizə çatdırıb. Bu sərgidə öz əl işləri ilə seçilən insanlara öz minnətdarlığımı bildirirəm. Həmçinin sərginin təşkili ilə məşğul olub, möhtəşəm tədbir keçirdiklərinə görə də əziyyəti olan hər kəsə təşəkkür edirəm".

Rəssamlar İttifaqın katibi və xalq rəssamı Ağəli İbrahimov da bu məktəbi yaşatmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb: "Bu son 20 ilin ən möhtəşəm sərgisi olduğunu deyə bilərəm. Xalq sənəti həmişə yaşayıb və çalışmalıyıq ki, bundan sonra da yaşadaq. Çünki xalçaçılıq Azərbaycan xalqının qədim mədəniyyət nümunəsidir".

Nəzərinizə çatdıraq ki, sərgidə 55 rayondan 50-yə yaxın müəllifin əl işlərindən ibarət 150-dən çox xalı və xalçaçılıq məlumatları nümayiş etdirilib.

Qeyd edək ki, sonda xalçalardan ibarət sərgi nümayiş olunub. Sözügedən sərgi hələ 3 gün davam edəcək.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə