“Mən teatr haqqında danışmaq istəyirəm” II mərhələdə FOTO

“Mən teatr haqqında danışmaq istəyirəm” II mərhələdə FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Mən teatr haqqında danışmaq istəyirəm" bədii qiraətçilərin baxış müsabiqəsinin II mərhələsinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov tədbir iştirakçılarını, münsiflər heyətini salamlayaraq layihə haqqında ətraflı məlumat verib.

M.Həmidovun sözlərinə görə, layihənin I mərhələsi martda keçirilib. Səbail rayonunda fəaliyyət göstərən 17 orta ümumtəhsil məktəbindən hər yaş kateqoriyasını əhatə edən 58 şagird çıxışları, teatr haqqındakı dolğun təsəvvürləri hesabına ikinci mərhələyə keçmək hüququ qazanıblar. Əsas məqsəd uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirməkdir".

Baxış müsabiqənin münsiflər heyəti təqdim olunduqdan sonra II mərhələyə keçmək hüququ qazanan 58 şagirdin çıxışları izlənib.

Daha sonra M.Həmidov layihədə əməyi keçən, ona dəstək verən hər kəsə, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyinə, məktəb rəhbərlərinə və münsiflər heyətinə öz dərin təşəkkürü bildirib. Teatrın və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin rəhbəri Mübariz Həmidov və II turun yekun mərhələsində münsiflər heyətinin tərkibində olan tanınmış şəxslər- ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvləri, əməkdar incəsənət xadimi, münsiflər heyətinin rəhbəri Bəhram Osmanov, xalq artistləri- Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Mərkəzin İdarə heyətinin üzvləri, Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, Beynəlxalq koordinator Şaiq Səfərov, Səbail rayonu İcra Hakimiyyətinin əməkdaşı Əziz Hüseynov, teatrın redaktoru, Mərkəzin baş katibi Səriyyə İsmayılova II mərhələyə keçən şagirdlərə diplomlar təqdim ediblər.

Qeyd edək ki, bugünkü turda münsiflər heyətinin qərarına əsasən 58 şagirddən 3 nəfəri qalib olaraq seçiləcəklər. Layihənin yekun mərhələsinə həsr olunan təntənəli tədbir mayın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə