Əliqismət Lalayevin aktyorluğu da varmış

Əliqismət Lalayevin aktyorluğu da varmış

Bu günlərdə "Lider" kanalında yayımlanan verilişlərin birində qonaq olan əməkdar incəsənət xadimi, rejissor Əliqismət Lalayev öz çıxışı ilə bütün tamaşaçıları heyrətləndirib. SİA-nın məlumatına görə, daha çox məmur kimi tanınan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Ə.Lalayevin aktyorluğu da var.

8 mart Beynəlxalq Qadınlar gününə həsr olunan verilişdə sənətçi C.Cabbarlının "Ana" şerini özünəməxsus ifa tərzi ilə bütün qadınlara hədiyyə edib. Öyrəndik ki, Ə.Lalayev yaradıcılığının ilk illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi də fəaliyyət göstərib, müxtəlif tamaşalarda uğurla çıxış edib.

Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin "Sükut divarı" əsərində Antonio, Sofoklun " Elektra" faciəsində Orest də Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir.

Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə.Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E.Qolsuorsinin "Birincilər və sonuncular", T.Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H.Cavidin "Ana" və "Uçurum", A.Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A.Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə.Lalayevin quruluşunda "Ana" faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı mavi ekranda nümayiş etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə