Balet ulduzları Bakıda

Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet həvəskarlarının çox sevdikləri L.Minkusun "Don Kixot" baletinin tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada əsas partiyaları ifa etmək üçün teatrın rəhbərliyi Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsovu dəvət edib.

Məlumat üçün bildirək ki, Kitri partiyasını ifa edəcək Yekaterina Oleynik Belorus Teatrının ən parlaq solistlərindən biridir. O, emosional və virtuoz rəqsləri ilə tamaşaçıları hər zaman heyran edir. 2011-ci ildə Y.Oleynik yaradıcılıq nailiyyətləri və yüksək professional ustalığına görə Fransiska Skorina medalı ilə təltif edilib.

Tamaşada Bazil rolunu Belorusun Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Konstantin Kuznetsov ifa edəcək. Tamaşanın dirijoru isə Belorusun Xalq Artisti, professor Vyaçeslav Voliçdir.

Qeyd edək ki, "Don Kixot" baletinin tamaşası Azərbaycan və Belorus Opera və Balet Teatrlarının rəhbərliyi arasında imzalanan memorandum çərçivəsində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə