Bakıda Bülbülün abidəsi qoyuldu

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ xalq artisti Bülbülün xatirəsinə ucaldılan abidənin açılışında iştirak edib. SİA-nın məlumatına görə, prezident abidənin üzərindəki örtüyü götürüb, önünə gül dəstəsi qoyub. Dövlət başçısı mərasimdə çıxış edib.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar.

Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev görkəmli müğənni Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.

Qeyd edək ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanan abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə