“Boys and Girls” mahnımız Avropa Yayımları Birliyinə təqdim olunub
Eurovision mahnımız məlum oldu FOTO

Amsterdamda keçiriləcək "Junior Eurovision 2012" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Ömər Sultanov və Suada Ələkbərovanın ifa edəcəyi mahnı müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak edəcək 12 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə Amsterdamda toplantı keçirilib. Toplantı iştirakçı ölkələrin şou barədə məlumat almaq və öz təmsilçilərini qeydiyyatdan keçirmək məqsədi daşıyıb.

Toplantıda bildirilib ki, qaydalara görə, azyaşlı istedadların ifa edəcəyi mahnıların 25%-i ingilis dilində, qalanı isə iştirakçı ölkələrin öz ana dilində olmalıdır. Azərbaycanın mahnısı bütünlükdə ingilis dilində olduğu üçün mahnını qeydiyyatdan keçirmək üçün əlavə iki gün verilib.

Ömər və Suadanın müsabiqədə ifa edəcəyi mahnının Böyük Britaniyada hazırlandığı bildirilir. "Boys and Girls" adlanan mahnı artıq Avropa Yayımları Birliyinə (EBU) təqdim olunub.

Qeyd edək ki, Azərbaycan bu müsabiqədə ilk dəfə iştirak edəcək. Müsabiqədə ölkəmizlə yanaşı – Albaniya, Belarus, Belçika, Gürcüstan, İsrail, Moldova, Niderland, Rusiya, İsveç, Ukrayna və Ermənistan təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə