“Neftin adamı” xaricdə FOTO

"OD Media- Production"-un istehsalı olan qısametrajlı "Neftin adamı" sənədli filmi beynəlxalq festivalda nümayiş olunub. Bu barədə SİA-ya filmin rejissoru Seyran Mahmudoğlu məlumat verib. O bildirib ki, film Sloveniyanın Lyublyana şəhərində keçirilən "Dokubazaar" beynəlxalq sənədli film festivalında iştirak edib: "Festival çərçivəsində Fransa, İran, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Polşa, Almaniya və başqa ölkələrdən 43 sənədli film nümayiş olunub. Festival isə yalnız nümayiş xarakteri daşıyıb".

Filmin rejissoru Seyran Mahmudoğlu onu da əlavə edib ki, "Neftin adamı" qısametrajlı sənədli filmi 2012-ci ilin noyabr ayında Finlandiyada keçiriləcək "Wildlife Vassa International Nature Film Festival"-na da dəvət alıb.

Məlumat üçün bildirək ki, sənədli film Azərbaycan neftini fərqli prizmadan təqdim edir. Filmin qəhrəmanı neftlə rəsm çəkərək pul qazanan, müalicə olunmaq üçün də mütəmadi olaraq neft vannası qəbul edən biridir. Onun əllərindən neft damır. Neft onun həyatına hər tərəfdən axır. O, "Neftin adamı" rəssam - Sabir Çopuroğludur.

Qeyd edək ki, filmin prodüsserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operator: Əli Sultanov, səs Elşən Aslanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə