Mahnı teatrına "Od" düşdü FOTO

Bu gün R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "İsgəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin (İB) dəvəti ilə Bakıya gəlmiş tanınmış türkiyəli yazıçı, "Babildə ölüm, İstanbulda eşq", "Şah və Sultan", "Od" və bir çox başqa populyar romanların müəllifi İsgəndər Pala ilə görüşə həsr edilib.

Bütün türk dünyasının tarixi keçmişini orijinal bir üslubda oxucuya təqdim etməyə çalışan İsgəndər Palanı tədbir iştirakçılarına təqdim edən İB-nin sədri, millət vəkili Qənirə Paşayeva bu söz adamı haqqında dəyərli fikirlər bildirib: " İsgəndər Pala gərgin araşdırmaları əsasında yazdığı bir-birindən maraqlı əsərləri ilə milyonların sevimlisinə çevrilib. O, bu gün də öz işlərini uğurla davam etdirməkdədir".

Tədbirdə böyük yazıçı İsgəndər Pala düşüncə və fikirlərini bölüşüb, oxucuları maraqlandıran sualları cavablandırıb. Görüşdən əvvəl İsgəndər Palanın "Od" romanının satışı təşkil olunan və kitabı əldə edənlər üçün sonda imzalanma mərasimi keçirilib.

Kitabın satışından əldə edilən gəlir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək. "Od" romanı bu günlərdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəfis şəkildə çap edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə