"Yatmış gözəl" harada oyanacaq?

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 85-ci teatr mövsümünə "Park Bulvar"da "Yatmış gözəl" tamaşası ilə start verəcək. SİA-nın məlumatına görə, yeni dərs ilinin başlanmasına həsr olunan tamaşanı məktəblilərlə bərabər, valideynlər və Milli Parkda gəzintiyə çıxmış şəhərimizin qonaqları da seyr edəcəklər.

Teatrda yeni mövsümün ilk premyerası isə sentyabrın 22-də nümayiş etdiriləcək. Həmin gün tamaşaçılara müəllifləri gənc dramaturq Kamran Ağabalayev və istedadlı rejissor Nicat Kazımov olan "Rəvayəti - Şahzadeyi - Xəzər" tamaşası nümayiş olunacaq. İki hissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu müəlliflərdən biri - Nicat Kazımovdur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Səhnə əsərində rolları Xalq artistləri Ağaxan Salmanlı, Əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Səfa Mehdi, İlham Əsədov, Asya Atakişiyeva və başqaları ifa edəcəklər.

Həmin gün "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası da nümayiş etdiriləcək. M.F. Axundzadənin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Elnur Hüseynov, Natiq Fərzəliyev, Bəxtiyar Kərimov, Rəzzaq Məmmədov, Mirismayıl Kazımlı və digərləri canlandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə