Sentyabrın 18-də "Milli Musiqi Günü" ilə əlaqədar Musiqili Komediya Teatrının yaradıcı heyəti yeni tamaşa ilə mövsümünü açıq élan edəcək. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev SİA-ya verdiyi açıqlamasında bildirib ki, bu il də kollektiv yeni mövsümü öz əsas binasında deyil, Dənizçilərin Mədəniyyət Evində qarşılayacaq.
Teatrın direktorunun sözlərinə görə, bu mövsümdə teatrda "Qızıl toy" olacaq: "Bu "toyun sahibləri" quruluşçu rejissor Yusif Əkbərov, bəstəkar Oqtay Kazimi, libretto müəllifi Ramiz Heydərdir. Əsas qəhrəmanları isə əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə, Çingiz Əhmədov və başqaları canlandıracaq".
"Rus bölməsi isə Jan Batist Molyerin "Skapenin kələkləri"ni tamaşaçıların mühakiməsinə verəcək. Rejissor, əməkdar incəsənət xadimi Əsgər Əsgərov tamaşada əsas rollardan birini ifa etmək üçün Rus Dram Teatrından xalq artisti Səfa Mirzəhəsənovu dəvət edib. İnanıram ki, bu əməkdaşlıq da uğurlu olacaq. Teatrımızın gənc və istedadlı rejissoru Elvin Mirzəyev də yeni bir layihə üzərində işləyir. Uşaq studiyasında da maraqlı işlər gözlənilir. Əminəm ki, bu mövsümdə bizim teatrımıza gələn sənətsevərlər darıxmayacaq, hər kəs yaşına və zövqünə uyğun olan tamaşaya baxa biləcək",- deyə Ə. Lalayev əlavə edib.
Əməkdar incəsənət xadimi onu da qeyd edib ki, müasir dünya teatrının tələbləri ilə ayaqlaşan, bəzən öz düşüncə tərzi ilə heç kəsə bənzəməyən, heç kəsi təqlid etməyən rejissor, rəssam, aktyor - yaradıcı bir insan varsa, bu da qənimət sayılmalıdır və belə insanlara qayğı ilə yanaşılmalıdır: "Hər il teatra dəvət etdiyimiz cavanların arasında bir-iki belə yeni düşüncə tərzi ilə seçilən cavana rast gəlmək olur ki, onların da üzünə bu qocaman teatrın qapılarını taybatay açırıq, məhsuldar və sərbəst çalışmaları, imkanlarını ortaya qoymaları üçün şərait yaradır, təcrübə qazanmaq, imkanlarını təkmilləşdirmək üçün xaricə göndəririk. Bir sözlə, istedadlarını nümayiş etdirməyə gələn hər kəsə meydan veririk".
Son illər istedadlı gəncləri teatra cəlb etmək üçün il ərzində bir neçə dəfə müsabiqə keçirildiyini deyən direktor bildirib ki, bacarıqlı aktyorları, rejissorları, dirijorları, balet artistlərini, rəssamları, ifaçı və musiqiçiləri, dramaturqları, hətta səhnənin texniki işlərinə maraq göstərənləri belə, bu yolla seçməyə çalışırıq: "Düşünürəm ki, bu cür demokratik seçimdən sonra kollektivə qəbul etdiyimiz gənclər bu gün ömrünü fiziki cəhətdən təzələyən - bərpa edilən və tam olaraq yenidən qurulmaqda olan teatrımızın yeni texniki təchizatlı həyatına daha tez alışacaq və yaddaqalan, hadisəyə çevrilə bilən əsərlərin hazırlanmasında bilavasitə iştirak edəcəklər. Bir faktı da vurğulamaq istəyirəm ki, bizim müsabiqələrdə təkcə Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, Xoreoqrafiya məktəbinin yetirmələri deyil, hətta Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin məzunları və tələbələri də iştirak edirlər. Kim bilir bəlkə gələcəyin Nəsibə Zeynalovaları, Lütfəli Abdullayevləri, Bəşir Səfəroğluları, Əliağa Ağayevləri, Hacıbaba Bağırovları, Səyavuş Aslanları elə bu pedaqoqların arasından çıxacaq, çünki, istedad deyilən o ilahi qabiliyyət Tanrıdan gəlir. Biz onlara çox inanırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB