“Şöhrət”li Yaşar Nuri

Bu gün SSRİ xalq artisti, əvəzolunmaz aktyor Yaşar Nurinin doğum günüdür.

Yaşar Məmmədsadıq oğlu Nuri 3 sentyabr 1951-ci ildə Bakıda dünyaya göz açıb. Y.Nuri səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Aktyor hələ məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından biri idi. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Aktyor komik, psixoloji və dramatik rolların məharətli ifaçısıdır.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq alırdı. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib. Sonra isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakultəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s... obrazları yaradıb.

Yaşar Nuri 1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Aktyor səhnədə və ekranda yaratdığı parlaq obrazlara görə 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Yaşar Nuri Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurur. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.

Biz də bütün SİA-nın kollektii adından aktyoru təbrik edir, ona can sağlığı arzu edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə