Kulinarlar yenə qızıl medal qazandılar- FOTO

Kulinarlar yenə qızıl medal qazandılar- FOTO

Azərbaycan Milli Kulinariya Komandası Rusiya Federasiyasının Çuvaşıstan vilyətində keçirilən Kulinariya çempionatında iştirak edib. SİA-nın məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov bildirib ki, komanda bu yarışda I yeri tutub və qızıl medalla mükafatlandırılıb: "Fərdi yarışlarda baş aşpazlar Anar Qasımov qızıl, Əliəşrəf Alışov gümüş medal qazanıblar".

AMKM-nin rəhbəri onu da qeyd edib ki, Azərbaycan çempionatda mövzu kimi "Eurovision-2012" mahnı müsabiqəsini götürüb: "Builki müsabiqədə I yerə çıxan isveçlilərin sağlam mətbəx və balıq sevdiklərini nəzərə alaraq start xörəyi kimi "Balıq küküsü" nərə balıqlarının əti ilə modern şəkildə süfrəyə verildi. II yeri rus nənələri tutduğundan onların şərəfinə "Ətli nar qovurması" verildi. III yerdə serblər olduğundan desert kimi "Halva" modern formada süfrəyə qoyuldu. Hətta orada serblərin türk mətbəxinin təsiri altında türk şirniyyatlarını sevdikləri söyləndi. Süfrəyə verilən bəyaz, qırmızı və kəmşirin şərablar Azərbaycan məhsulu idi ki, bütün xörəkləri öz ətrafında birləşdirirdi".

"Komandamızın üzvləri ayrıca olaraq Azərbaycan mətbəxi üzrə usta sinif keçirdilər. Şahplov, balqabaq plov, kabab və digər yeməklərimizin hazırlanmasını nümayiş etdiriblər. Çempionatda komandamız daha çox yerli ərzaqlardan istifadəyə üstünlük verirdilər. Yarış öncəsi aşpazlar başqa ərzaqlar kimi yağ seçimini də aparıblar və xörəklər bu yağlarda bişirilib yoxlanılıb",- deyə T. Əmiraslanov əlavə edib.

Məlumat üçün bildirək ki, orada mətbəximizi qonaqlara AMKM-in baş texnoloqu Aysel Şıxəliyeva təqdim edib.

Qeyd edək ki, AMKM-in çempionatda iştirakına "Azersun Holding" şirkəti, Mədəniyyət və Turizm Nazirliyi dəstək verib.

Bütün xəbərlər Facebook səhifəmizdə