Bəstəkar Elnarə Dadaşovanın müəllif konserti keçirilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar İncəsənət xadimi Elnarə Dadaşovanın müəllif konserti olub. SİA-nın məlumatına görə, konserti açıq elan edən ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə E.Dadaşovanın həyat və yaradıcılığından söhbət açıb.


Daha sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları Beynəlxalq müsabiqə laureatı, Az.Dövlət Opera və Balet teatrının solisti Fəridə Məmmədovanın ifasında Səməd Vurğunun sözlərinə bəstələnən "Bahar şərgisi", "Rəngim döndü sənsiz" (sözl. M.Füzulinin), "Lay-lay" (sözl. Ə.Cəmilin), "İlk bahar" (sözl. H.Cavidin), "Vüqarlı dağları sevirəm" romanslarını dinləyiblər.


Beynəlxalq müsabiqə laureatı Nigar Qəhrəmanova royalda "3 prelüd", əməkdar artist Töhfə Babayeva (skripka) və Beynəlxalq müsabiqə laureatı Züleyxa Bayramova "Sonatina" 2,3 hissələrini, "Variasiyalar" ifa ediblər. Konsertdən sonra E.Dadaşova tədbirin keçirilməsində ona şərait yaradıldığı üçün Bəstəkarlar İttifaqına təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə