“Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası olub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasının premyerası olub. SİA-nın məlumatına görə, realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir.
Səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Elnur Hüseynov, Natiq Fərzəliyev, Roza İbadova, Məhərrəm Musayev, Ələsgər Qurbanəliyev, Xəyal Salahov, Bəxtiyar Kərimov, Rəzzaq Məmmədov, Hüsniyyə Əhmədova, Məsumə Babayeva, Mehdi Səfa, Anar Səfiyev, Ədalət Əbdülsəməd, Elvin Nəbiyev, Ceyhun Məmmədov, Günay Zeynallı, Araz Pirimov, Davud Musayev, Fidan Abbasova, Xana Əliyeva, Aytac Nəzərova, Mirsənan Kazımlı, Mirismayıl Kazımlı canlandırmışlar.
Tamaşada ətalət və geriliyin hökm sürdüyü XIX əsr Azərbaycanı əksini tapıb. Əsərdəki qadınların avamlığı və cəhaləti pislənib, gənclərin dünyəvi, əsasən də təbiətşünaslıq elmlərinə yiyələnməsi fikri aşılanıb.
Tamaşadan sonra festivalın tənqidçilər qrupunun üzvləri sənətşünaslıq namizədi, teatrşünas Aydın Talıbzadə və dramaturq Əli Əmirli çıxış edərək festivalın əhəmiyyəti haqqında fikirlərini bölüşüb, daha sonra "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" Milli Teatr Festivalında iştirakına görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını diplom və mükafatla təltif ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB