Martın 11-də tanınmış aktrisa, uzun illər Musiqili Komediya Teatrında çalışmış mərhum Lütviyyə Səfərovanın doğum günüdür. Həmin gün aktrisanın xatirəsinə hörmət əlaməti olaraq, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Talelər qovuşanda" (R.Hacıyev, F.Zöhrabov) tamaşası nümayiş olunacaq. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Elvin Əliyev, Nərgiz Kərimova, Emil Heydərov və başqaları çıxış edəcək. Xatırladaq ki, mərhum aktrisa bu tamaşada uzun illər Nazpəri obrazını ifa edib.
Tamaşadan öncə teatrşünas Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barədə çıxış edəcək. Teatrın foyesində isə ona həsr olunan sərgi nümayiş ediləcək.
Onu da qeyd edək ki, Lütviyyə Səfərova 1941-ci ildə anadan olub. O, A.Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra, Musiqili Komediya Teatrında işləməyə dəvət olunub. Elə ilk günlərdən özünü zəhmətkeş, istedadlı aktrisa kimi göstərən və əsas rolların ifaçısına çevirilən Lütviyyə xanım F.Əmirovun "Gözün aydın" komediyasında Leyli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, E.Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Ş.Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa obrazlarda çıxış edib.
1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyən Lütviyyə xanım 1996-cı ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya teatrına qayıdır və bir-birindən məzmunlu, zəngin obrazlar yaradır. O, "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik" tamaşasında Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlərin öhdəsindən böyük məharət və yüksək professionallıqla gəlib. O bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Qeyd edək ki, aktrisa 2010-cu il mart ayının 1-də vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB