\"Qara sarmaşıq\" - FOTO
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) \"Natəvan\" klubunda Nurəddin Ədiloğunun \"Qara sarmaşıq\" kitabının imza günü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir çox tanınmış ziyalılar iştirak edib.


Müəllifin sözlərinə görə, kino- roman erməni faşizminə qarşı döyüşlərdə itkin düşən Azərbaycan əsgərlərinə ithaf olunub: \"Kitabın adının belə olması da təsadüfi deyil. Qarabağın üzərini qara buludların alması və ermənilərin qara sarmaşıq kimi milləti öz dövrəsinə alması romanda əsas götürülüb. Burada həmçinin keçmiş sovet hökumətinin Azərbaycana və onun ərazilərinə qarşı işğalçılıq siyasəti, Bakıya yalnız öz maraqları naminə gəlib- gedən beynəlxalq təşkilatların mövqeyi tutarlı faktlarla verilib\".


Tədbirdə çıxış edən tənqidçi Vaqif Yusifli bildirib ki, \"Qara sarmaşıq\" romanı zəngin təxəyyül və müşahidə qabiliyyətinə malik olan bir yazıçının ürək ağrılarının məhsuludur: \"Əsərdə mübarizlik, ölməzlik ruhu, vətənpərvərlik və vətəndaşlıq qayəsi və digər bu kimi məsələlər romanda öz əksini tapıb\".


Məlumat üçün bildirək ki, kitab \"Nurlan\" nəşriyyatında 500 tirajla çap olunub.


Qeyd edək ki, kitabın ön sözün sahibi filologiya elmləri doktoru İsmayıl Vəliyev, redaktoru isə AMEA-nın müxbir üzvü Teymur Kərimlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə