Tamaşaçıların istəyi ilə Yeni il proqramının vaxtı uzadılıb

Heydər Əliyev Sarayında keçiriləcək Yeni il proqramının vaxtı bir gün də artırılıb. Səbəbi isə 29, 30 dekabrda olacaq yeni il şənliklərinə biletlərin bitməsidir.


Bunu SİA-ya Heydər Əliyev Sarayının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bildirib. Məlumata görə, saray rəhbərliyi çoxsaylı tamaşaçı xahişini nəzərə alaraq əlavə bir gün - 28 dekabr tarixində balacaları sevindirəcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək "Yeni il" şənliyi saat 13.00 başlayacaq. Biletlərin qiyməti 5 manatdan -10 manata qədərdir. Biletlər bu gündən etibarən artıq satışdadır.


Qeyd edək ki, proqramın musiqili qonaqları xalq artisti Faiq Ağayev və əməkdar artist Tünzalə Ağayevadır. Şənlikdə respublikanın ən tanınmış rəqs kollektivləri və estrada ulduzları iştirak edəcəklər. "Renessans" rəqs teatrı, "Asiman" rəqs qrupu, uşaq muğam və aşıq ifaçıları öz yeni rəqsləri, musiqiləri ilə uşaqları sevindirəcəklər. Sarayın səhnəsində böyük şam ağacı quraşdırılacaq. Respublikanın ən maraqlı "Yeni il" şənliyində Şaxta baba və Qar qız da uşaqları təbrik edənlərin sırasında olacaqlar. Bundan əlavə, "Yeni il" şənliyinin iştirakşılarını maraqlı sürprizlər gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə