Bu gün Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin vəfatının 63-cü ildönümü münasibəti ilə sənətkarın ev muzeyində anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə həmçinin TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyədə işıq üzü görən "Koroğlu" operasına həsr olunan eyniadlı kitabın təqdimatı da baş tutub.


Tədbirdə çıxış edən Üzeyir Hacıbəyov Ev Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov 63 il bundan əvvəl dünyasını dəyişən görkəmli şəxsiyyətin həyat və yaradıcılığına nəzər salıb: ""Koroğlu" operası türkdilli xalqlar tərəfindən tamaşaya qoyuldu. Əflatun Neymətzadənin səyi nəticəsində həmin ölkələrdə oynanılan tamaşalardan bəhs edən kitab hazırlanıb. Üzeyir Hacıbəylini canlı olaraq görmüş insanlar həqiqətən də xoşbəxt saymaq olar. Çünki onunla həmsöhbət olmağı hər bir azərbaycanlı, hətta qeyriləri də arzulayır".


Daha sonra kitabın müəllifi Ə.Neymətzadə kitab haqqında məlumat verib və Türkiyədən gətirdiyi "Koroğlu" operasına həsr olunmuş eyniadlı kitabı muzeyə təqdim edib.


Tədbirdə Azərbaycanın tanınmış bəstəkarları Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə və başqaları iştirak ediblər.


Qeyd edək ki, nəşrin müəllifi Türkiyədə yaşayan azərbaycanlı Əflatun Neymətzadədir. Kitabda Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyevin çıxışları da yer alıb. Kitabın ön söz müəllifi TÜRKSOY-un baş katibi Düseyn Kaseinovdur. Kitabda TÜRKSOY-un təşkilatçılığı ilə beş ölkədə səhnəyə qoyulan "Koroğlu" operasının tamaşaları haqqında məlumat və fotolar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə