“Arşın mal alan” musiqili komediyasının 100 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

“Arşın mal alan” musiqili komediyasının 100 illiyi UNESCO çərçivəsində qeyd olunacaq
"Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi, XII əsrdə yaşayıb-yaratmış rübai ustadı Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, filosof, şair Səid Yəhya Bakuvinin vəfatının 550 illiyi UNESCO çərçivəsində qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, bu qərar sentyabrın 30-da keçirilən UNESCO İcraiyyə Şurasının 187-ci sessiyasında verilib. İrəli sürülən təklif sessiya iştirakçıları tərəfindən yekdilliklə təsdiqlənib və adları sadalanan şəxsiyyətlər UNESCO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.


2012-2013-cü illərdə Azərbaycanın mədəniyyətini, ədəbiyyatını musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu yubileylərin qeyd olunması ilə əlaqədar Azərbaycanda, xarici ölkələrdə və UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə