Altay Hacıyevin 80 illik yubileyi ilə bağlı sərgi keçirilib - FOTOSESSİYA

Altay Hacıyevin 80 illik yubileyi ilə bağlı sərgi keçirilib - FOTOSESSİYA

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Altay Hacıyevin 80 illik yubiley sərgisi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır: \"Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkir. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənib. Bununla yanaşı, öz yaradıcılığında hər zaman Şərqli duyumuna malik olduğunu büruzə verib, Azərbaycan təsviri sənətinin zəngin ənənələrindən yaradıcılıqla faydalanıb\".


Xalq rəssamı Ağaəli İbrahimov isə çıxışında vurğulayıb ki, Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməmiş, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarıb: \"Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir. "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və başqa əsərləri diqqətəlayiq əsərlərdir\".


Daha sonra isə sərgi iştirakçıları rəssamın əsərlərinə baxış keçiriblər.


Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley sərgisində rəssamın son illərdə yaratdığı 100-dək əsəri nümayiş etdirilib. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 80 illik yubileyi münasibəti ilə çap olunan "Xalq Rəssamı Altay Hacıyev" kitabının təqdimatı keçirilib. Yubiley sərgisinin nümayişi noyabrın 1-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə