Əbülfəs Qarayev aktyor Ramiz Məmmədovu 60 illik yubiley ərəfəsində mükafatlandırıb

Əbülfəs Qarayev aktyor Ramiz Məmmədovu 60 illik yubiley ərəfəsində mükafatlandırıb

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist Ramiz Məmmədovun sentyabrınn 26-da 60 yaşı tamam olacaq. Teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış aktyoru təbrik edərək mükafatlandırıb. Bu barədə SİA-ya teatrdan məlumat verilib.

Qeyd edək ki, Ramiz Məmmədov 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb, elə ilk günlərdən istedadı, özünəməxsus oyun tərzi ilə tamaşaçıların və teatr ictimaiyyətinin nəzərini cəlb edib. "Qaynana" tamaşasında Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Məşədi İbad, Rza bəy, Hambal, "Bəbirlinin kələkləri" tamaşasında Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən Ramiz Məmmədov zəhmətsevərliyi, təşəbbüskarlığı və maraqlı oyun tərzi ilə seçilən aktyorlar sırasındadır.

Aktyor həmçinin "Səhər görüşləri", "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" televiziya verilişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyyatı", "Get gətir", "Əzəlim gözəlim", "Mənim dayım" teletamaşalarında müxtəlif rollar oynayıb.

Aktyor 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə