Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın sənəd daxil olub

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın sənəd daxil olub

Cari ilin birinci yarısında Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın sənəd daxil olub. Bu barədə SİA-ya Arxivin direktoru Maarif Teymurov açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda qurumda 771 fond mövcuddur: "Onlardan 56-sı idarə və təşkilatlara, yerdə qalanları isə tanınmış mədəniyyət, incəsənət, elm adamlarına aiddir. Bu il arxivdə şəxsi fondları yaradılan Mikayıl Rəfli, Ağa Laçınlı, Mədinə Gülgün, Balaş Azəroğlu kimi sənətkarlarımızla yanaşı, burada mövcud olan şəxsi fondların bir çoxuna yeni sənədlər, fotoşəkillər daxil olub. Hər zaman bu sənədlərlə tanış olmaq istəyən tədqiqatçıların müraciətinə müsbət yanaşılır və onların tədqiqat aparmasına lazımi şərait yaradılır".

Ən çox Əziz Şərif, Əliağa Vahid, Niyazi, Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının şəxsi fondlarına marağın olduğunu bildirən Maarif Teymurov vurğulayıb ki, burada saxlanılan qiymətli sənədlər böyük ədiblərimizlə bağlı çəkilən ekran əsərlərinin araya-ərsəyə gəlməsində də mühüm rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə