Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan kinosunun yaranmasının 113-cü ildönümü qeyd olunub. SİA-nın məlumatına görə, Milli Kino Gününə həsr edilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində gördüyü işləri əks etdirən videomaterial nümayiş olunub.
Mərasimdə milli kinomuzun inkişafındakı xidmətlərinə görə bu sahədə çalışan bir qrup şəxsə nazirlik tərəfindən pul mükafatı təqdim edilib.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə keçirilən "Bu meydan, bu ekran-2011" kino layihəsi müsabiqəsinin qalibi olan rejissorlara diplomlar verilib.
Tədbirdə ilk olaraq çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün kino işçilərini peşə bayramları, 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə təbrik edib, son illər ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışıb.
O vurğulayıb ki, bu il 113-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti
bu müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçib və
xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb: "Ümummilli lider Heydər
Əliyevin mədəniyyət və incəsənət adamlarına, kino sahəsində çalışanlara
göstərdiyi diqqət və qayğı hər zaman göz önündə olub. Bu günlərdə Prezidentin
müvafiq Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafındakı
xidmətlərinə görə kino xadimlərinə verilən fəxri adlar deyilənlərə əyanı
sübutdur".
Son 5 ildə ölkəmizdə 23 tammetrajlı ekran əsəri çəkilib deyən nazir müavini: "Ötən bir ildə Azərbaycan filmləri dünyanın 20-dən çox ölkəsində keçirilən nüfuzlu festivallarda nümayiş olunaraq ölkəmizi layiqincə təmsil edib".
Kino bayramında, həmçinin yeni - "İlahi məxluq" filmi nümayiş etdirilib. "Bizim kino" Prodüser Mərkəzi və "Yaddaş" sənədli filmlər studiyasının birgə istehsal etdikləri filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev, quruluşçu operatoru Rəsul Tənhayi, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir.
Rollarda xalq artisti Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva və başqaları çəkiliblər. Film böyük maraqla qarşılanıb.
Qeyd edək ki, teatrın foyesində ilk dəfə olaraq Azərbaycanın tarixi filmlərinin geyimləri nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB