Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam axşamı” və kamera musiqisi konserti olub

Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Muğam axşamı” və kamera musiqisi konserti olub

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Muğam axşamı" və kamera musiqisi konserti olub. SİA-nın məlumatına görə, "Qafqaz Resorte" otelində keçirilən kamera musiqisi konsertində bəstəkar Q.Donizettinin "Cəhrə", "Xəyanət", "Məhəbbət içkisi" operasından Nemorinonun romansı, C.Rossinin "Bolero", "Tarantella", "Venesiyada reqata silsiləsi", "Yarışdan öncə", "Yarış", "Yarışdan sonra", C.Kardillonun "Katarı" əsərləri səsləndirilib. Konsertdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Səbinə Əsədova (messo-soprano) və Fəridə Məmmədova (soprano), İtaliyanın R.Debaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədov (bariton), İtaliyanın Ozino Musiqi Akademiyasının tələbəsi Azər Rzazadə (tenor) çıxış ediblər.

Festival daha sonra "Muğam-2011" Televiziya Musabiqəsi laureatlarının konserti ilə davam etdirilib. Açıq səhnədə baş tutmuş "Muğam axşamı"nda Mirələm Mirələmov, Səbinə Ərəbli, Mustafa Mustafayev Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Ariz Hüseynov, Nigar Şabanova çıxış etmişlər. Xanəndələri tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, kanonda Çinarə Mütəllibova, balabanda Mehman Nuriyev, nağarada Emin Cəbrayılov, udda Şəfa Kərimov müşayiət ediblər. Konsertdə 1000-ə yaxın yerli və xarici tamaşaçı iştirak edib. Gənc muğam ustalarının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, iyulun 30-da Qəbələ III Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi keçiriləcək. Bu münasibətlə keçiriləcək "Qala konsert"də Yuri Başmetin rəhbərliyi ilə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin konserti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə