“Sən də məni tərk edəcəksən?”

“Sən də məni tərk edəcəksən?”

Azərbaycanda "Sən də məni tərk edəcəksən?" xeyriyyə layihəsinin açılış mərasimi keçirilib. Xeyriyyə layihəsi "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə "Səyyar Tibbi Reabilitasiya" məqsədilə baş tutacaq.

SİA-nın məlumatına görə, layihənin açılışı xalq artistləri Flora Kərimova, Nazpəri Dostəliyeva, Mübariz Tağıyev, müğənnilər Rəhim Rəhimli və Elnarə Xəlilovanın ifasında "Gəlin uşaqları biz unutmayaq" mahnısına çəkilmiş video-lent nümayişi ilə başlayıb.

Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin icraçı direktoru Rəşad Camal bildirib ki, layihənin əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etməklə sağlam gəncliyin cəmiyyətimizin sağlam gələcəyini qurmasına şərait yaratmaqdır.

Birliyin direktoru Zərifə Quliyevanın sözlərinə görə, məqsədə nail olmaq üçün internat məktəbində yaşayan kimsəsiz uşaqların ilk olaraq tibbi müayinəsi həyata keçiriləcək, ehtiyac duyulduğu halda müalicə və cərrahi yardımlar göstəriləcək: "Layihəyə ilkin olaraq Saray qəsəbəsində 7 saylı İnternat məktəbində, Şağan qəsəbəsindəki 3 saylı internat məktəbində, Ramana qəsəbəsindəki gənc əlillər evində, Buzovnada 13 saylı internat məktəbində olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb olunacaq. Bununla yanaşı, layihə çərçivəsində yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçiriləcək. Bununla onların şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması barədə məlumatsızlığı aradan qaldırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə