Azərbaycanlı rejissorun filmi Karlovı Varı kinofestivalında nümayiş olunub

Azərbaycanlı rejissorun filmi Karlovı Varı kinofestivalında nümayiş olunub

Karlovı Varıda 46-cı beynəlxalq kinofestival keçirilib. İyul ayının birinci ongünlüyündə 40 minə yaxın tamaşaçı kinofestivalın müsabiqə və müsabiqədənkənar proqramlarına daxil edilən 200-dən çox bədii və sənədli filmə tamaşa ediblər.

SİA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən verdiyi məlumata görə, festivalın qaydalarına uyğun olaraq müsabiqəyə ən geci keçən il çəkilən filmlər qəbul edilib.

Festivalda qalib gələn filmlərin adları təntənəli mərasimdə elan olunub. Avropanın aparıcı kino xadimlərinin daxil olduğu münsiflər heyətinin xüsusi mükafatı rejissor Viktor Ginzburqun "Generation P" adlı tammetrajlı filminə (Rusiya və ABŞ kinematoqrafçılarının birgə istehsalı) verilib.

İsrailli rejissor Yozef Madmoninin "Bərpaçı" filmi festivalın "Büllur qlobus" baş mükafatına layiq görülüb. "Qərbdən Şərqə" müsabiqə seksiyasında "Generation P" filmi ilə yanaşı Nikolay Xomerikanın "Qəlbin bumeranqı" və rejissor Murad İbrahimbəyovun "Ondan yaxşı qardaş yox idi" filmləri də təqdim edilib. Hər iki film Rusiya, Azərbaycan və Bolqarıstan kinematoqrafçılarının birgə istehsalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə