Rumıniyanın hakim partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti Yazıçılar Birliyində olub
Rumıniyanın hakim Demokrat Liberal Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.
SİA-nın verdiyi məlumata görə, AYB-ın sədri, Xalq Yazıçısı Anar qonaqları salamlayaraq iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, elmi və mədəni əlaqələrdən danışıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın tanınmış ədiblərinin əsərləri Rumıniyada çap edilərək müəlliflərinə böyük şöhrət qazandırıb. Eyni zamanda, bu ölkənin də bir çox yazıçı və şairlərinin kitablarının Azərbaycanda çap olunması böyük maraqla qarşılanıb. Bu ənənə bu gün də uğurla davam etdirilir.
Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalq Yazıçısı ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.
Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli rumın bəstəkarı Corce Eneskunun abidələrinin ucaldılması xalqlarımız arasındakı bu münasibətlərin yüksək səviyyəsini göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən AYB sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə və münaqişənin həllinə ədalətli mövqedən yaxınlaşdığına görə rəsmi Buxarestə və rumın xalqına təşəkkürünü bildirib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu deyib ki, bu gün rumınlar Bəxtiyar Vahabzadəni, Anarı, Elçini, Çingiz Abdullayevi və Azərbaycanın digər tanınmış söz adamlarını çox yaxşı tanıyırlar.
Qonaq xüsusi olaraq vurğulayıb ki, Buxarestdə ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada ulu öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir.
Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu xüsusi vurğulayan N.Ontsanu bildirib ki, Rumıniya bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.
Görüşdə elm, mədəniyyət xadimlərinin, təhsil sahəsində çalışan tədqiqatçıların qarşılıqlı səfərlərinin təşkilinin vacibliyi vurğulanıb, bu səfərlərin xalqlarımız arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB