Argentina səfirliyi ölkəsini tanıtmaq məqsədilə mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçirir. Bu təşəbbüslər sırasında ədəbiyyat sahəsi xüsusi yer tutur. “Belə ki, Argentina müəlliflərinin əsərləri Azərbaycan dilinə tərcümə olunur və bu nəşrlər iki ölkə arasında mədəni körpü rolunu oynayır. Bu gün təqdimatı keçirilən Aleksandra Laurensiçin “Ağla gəlməyən gün” kitabının Azərbaycan dilinə tərcüməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir.
SİA-nın məlumatına görə, bu sözləri Argentinanın Azərbaycandakı səfiri xanım Marianxeles Belluşi söyləyib.
Səfirin sözlərinə görə, Bakıda mütəmadi olaraq Argentina Film festivalları təşkil olunur. Hətta Bakı, dünya üzrə Argentina kinosunu təmsil edən beşinci şəhər kimi tanınır.
“Mədəniyyətimizin daha bir daşıyıcısı isə tanqo rəqsidir. Bakıda tanqo festivalları və tanqo günləri keçirilir. Bu tədbirlər Argentina mədəniyyətinin tanıdılmasına mühüm töhfə verir. Bir sözlə rəqs, ədəbiyyat və musiqi vasitəsilə Argentina mədəniyyəti Azərbaycana çatdırılır və bu istiqamətdə fəaliyyətlər davam etdiriləcək", - deyə səfir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə