Novruz adət-ənənələri niyə sıradan çıxır? - FİLOLOQLAR AÇIQLADI

Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin birillik fırlanması ilə əsaslanır. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruzun özünəməxsus adət-ənənələri var. Amma son zamanlar bu ənənələrin bir çoxunun unudulduğu müşahidə olunur. Artıq bahar bayramı əvvəlki kimi tən-tənə ilə qeyd olunmur, çərşənbələrdə tonqal qalanmır. Bəs, adət-ənənələrin sıradan çıxmasına səbəb nədir? SİA mövzu ilə bağlı filoloqların fikirlərini öyrənib.

Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu: “Milli bayram – xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayram yaradıcılığı – xalqın özünəməxsusluğunun təsdiqidir. Ümumən Şərqi mahiyyət kəsb edən Novruz bayramının türk ruhundan gələn, sırf Azərbaycan mahiyyətini ifadə edən bənzərsiz yönü var. Bu yön Şərqi ifadə edən muğam sənətində “Azərbaycan muğamı” anlayışı, gerçəkliyi qədər özünəməxsus, bənzərsizdir. Novruz bayramı hələ bundan sonra mahiyyət üstə geniş araşdırma tələb edən, Azərbaycan ruhunun çalarlarının daha geniş araşdırılmalı olduğu genişspektrli bir mövzudur.
İlk növbədə Novruz bayramı – milli ənənənin simvoludur. Ənənə xalqın dayanıqlı mədəniyyətinin, yaşamının bənzərsiz cəhətlərini aşkara çıxarır, təsdiq edir. Xalqın bayram yaradıcılığı minillərdən bəri davam edən ulusallığı nəinki təsdiq etməlidir, habelə bundan sonrakı üfüqlər üçün də ciddi zəmin yaratmalıdır. Bu mənada Novruz bayramı bizim üçün belə bir yaradıcılıq imkanı verir.
Ta qədimdən türk düşüncəsində yazın gəlişi təbiətin dirilməsinin, yenilənməsinin rəmzi olub. Ümumiyyətlə, təbiətə ilahi səviyyədə yanaşma əcdadlarımızın ruhunda yaradıcı bir keyfiyyətdir ki, bu gün də yaşayır. Dünyanın bir çox xalqlarının mədəniyyət kompleksində yazın gəlişi ilə bağlı gözəl düşüncələr var. Ayrıca olaraq Şərq düşüncəsində Novruz bayramı ilə bağlı zəngin, maraqlı yanaşmalar – adət-ənənələr olsa da, Azərbaycan Novruzu bunların hamısından fərqlənir.

Xalqımız minillərdən bəri ağlında yaşatdığı, yaşamına gətirdiyi bütün gözəl duyğularını həmişə Novruzla bağlayıb, mənalandırıb. Ona görə ki, bayramın başlanğıcı – yaranışı ifadə etməsinə inanılıb. Bu yaranış inancda təbiət-insan birliyinin ifadəsi kimi anlaşılıb.
Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi, türklərə də dərin təsir edib, həyəcanlandırıb və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub. Başqa bir inanca görə, Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, acıqlanmaq olmaz. Əks halda insan bütün il boyu bu durumda qalar.
Əcdadlarımızdan gələn düşüncə tarixən ruhumuzun özünəgüvənliyini, yenilməz nikbinliyini yaradıb. Xalq bayramı o dərəcədə ruhunun doğması olaraq yaradıb, görüb, cilalayıb, inanıb ki, onu bütövlükdə mərasim mədəniyyətinin özülünə çevirib, öz davranışlarını bayram kuralları ilə nizamlayıb. Bu, yalnız xalqımızın ruhunun ifadəsi olan, heç bir xalqda rast gəlinməyən davranışlar sisteminin bayram-mərasim kompleksindən güc alması demək olub.

Azərbaycan mədəniyyəti tarixində Novruz bayramı əbədiyaşar, tarixi və çağdaş bir abidə olaraq diqqəti çəkir. Bu bayram mənəvi mədəniyyət abidəsi olaraq milli mədəniyyət tariximizdəki başqa abidələrdən özünəxas cəhətlərinə görə fərqlənir. Bayram yaşına, yaşama gücünə görə ilk sırada duran mədəniyyət abidəsidir. Xalqımızın mədəniyyət tarixində böyük abidələr olub, onlar bütün hallarda tarixin müəyyən dövrləri, konkret epoxalar, zaman kəsimləri ilə bağlıdır. Ancaq bu abidələr içərisində tarixi hamısından qədim olsa da, heç vaxt “qocalmayan”, daim cavanlaşan bir abidə - Novruz bayramı var. Araşdırma və gedişatdan görünür ki, dünya tarixinin bir-birinə zidd ideologiyaları olan epoxaları biri digərini əvəz etdikcə Novruz bayramı nəinki aradan qalxmayıb, varlığını daha böyük coşğu ilə sürdürüb, müxtəlif dinlər, fərqli sivilizasiyalar, ruhuna zidd olan ideologiyalarla döyüşlərdən qalib çıxıb.
Novruz bayramı ilə bağlı mərasim ənənələri dedikdə İlaxır çərşənbələrlə bağlı, sosial birlik və paylaşma, tamaşa, oyun, mətbəx ənənələri nəzərdə tutulur. İnanca görə Novruz ərəfəsində hər bir evdə aparılan təmizlik işləri yenilənmə ilə bağlıdır. Yəni ki, bayramda təkcə ilin təzələnməsi yox, bütünlükdə köhnə ili yaşamış hər kəsin, hər şeyin təzələnməsi inancı var. O deməkdir ki, insanlar yaşadıqları evi, həyəti təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılardı. Sınıq, yararsız bir şey evdə qalardısa, inancda bu, yeni ildə sınıqlığa, yararsızlığa, uğursuzluğa səbəb olardı.
Novruzda “Bayramlaşma” adəti fərdlərin (ayrı-ayrı insanların), sosial qrupların (ailələrin, qonşuların, nəsil ağsaqqallarının), yaş qruplarının (kiçiklərin böyükləri) və s. bir-birini təbrik etməsi şəklində olur, insanlar arasında olan ilişgilərin daha da möhkəmlənməsi, doğmalığın artmasına gətirib çıxarır.

Novruzdakı oyunlar mahiyyətcə əyləncəviliyə köklənsə də, həm də bayramdan gələn müəyyən qənaətlərin ilk növbədə uşaqların ağlında oturuşmasına, yaddaş tərbiyəsinə xidmət edir. Novruz bayramı özünəməxsus zəngin mətbəx mədəniyyəti sistemi ilə də diqqəti çəkir”.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev: “Hər bir xalqın milli bayramı həm də onun milli varlığının ifadəsini göstərir, bir xalq kimi bütövlüyünün, mütəşəkkilliyinin göstəricisi kimi onu təsbit edir. Mifoloji və gerçək təfəkkürdə (bir) il adlı zaman vahidi özünəməxsus səciyyəvi əlamətləri baxımından ayrı-ayrı zaman intervallarına hesablanan dövri və qapalı təkrarlanan bayram günləri ilə müşayiət olunur. Hər bir xalq, etnos, millət özünün bir toplum, cəmiyyət olaraq dünya baxışının, həyat-məişət tərzinin ifadəçisi olaraq belə günləri müqəddəsdəşdirir, ona bayram donu geyindirir. Xalqımızın etnik-milli kimliyinin əsas göstəricilərindən biri kimi belə bayramların başında il dəyişməsi ilə müşayiət olunan Novruz bayramı gəlir. Bu baxımdan Novruz bayramı xalqımızın milli ruhunun, yaşamının təcəssümüdür. Bir xalqı, bir milləti mənəvi olaraq məhv etməyin bir yolu da onun bayramlarına edilən təcavüzdür. “Xalqımızın XIX yüzillikdəki Türkmənçay tarixi faciəsindən sonra imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük ciddi-cəhd göstərirdilər. Təəssüf ki, bu ənənə Sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirildi. Novruzun milli bayram kimi keçirilməsi üzərinə daha ciddi qadağalar qoyuldu, o, dini bayram hesab edilərək dövlət tərəfindən gözdən salındı. Ötən əsrin 60-cı illərindən ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman qadağalar da yavaş-yavaş səngidi. İnzibati-idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə onlar fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə başladılar. 1966-cı ilin əvvəllərində dövlət əhəmiyyətli yüksək vəzifəyə yenicə irəli çəkilən ulu öndər Heydər Əliyev yaranmış vəziyyətdən istifadə edərək Novruz bayramının Bakıda təntənəli şəkildə keçirilməsinə öz ilk töhfəsini verə bildi. Bu vaxt belə bir şərait yaranmışdı: keçmiş SSRİ ilə Türkiyə arasındakı münasibətlərdə bir istiləşmə başlamışdı. Ölkənin baş naziri A.Kosıginin Türkiyəyə rəsmi səfəri planlaşdırılmışdı. Bu münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verən dövlət ideoloqları türkdilli Sovet respublikalarının birində türklərlə çox səmimi münasibətlərin mövcud olduğunu nümayiş etdirmək üçün Novruz bayramını təntənəli şəkildə təşkil etməyi planlaşdırmışdılar. Səfərin hazırlıq mərhələsində Türkiyə Respublikasının prezidenti və baş nazirinin də Sovetlər ölkəsinə səfəri gündəmə gəldi. Özbəkistanda qeyd edilməsi nəzərdə tutulmuş Novruz bayramının Bakıda keçirilməsi qərarlaşdırıldı.
Bu təklifə Türkiyə tərəfi böyük dəstək versə də, onun reallaşması Azərbaycan rəhbərliyinin, xüsusən tədbirin keçirilməsinin tam təhlükəsizliyinə təminat verən Heydər Əliyevin böyük səyi nəticəsində mümkün oldu. Az sonra Azərbaycanda, xüsusən Bakıda Novruz bayramının keçirilməsinə böyük hazırlıq işləri başladı. Hazırlıq işlərinə və bayramın keçirilməsinə rəhbərlik xalqımızın görkəmli ziyalısı və Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Şıxəli Qurbanova tapşırıldı. “Bahar bayramı” adlı ilə keçirilən Novruz bir çox məhrumiyyətlərə məruz qalsa da, o il Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Bu da o vaxt SSRİ Ali Soveti Rəyasəti Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kompaniya aparılması barədə böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd imzalamadı, ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu.

Azərbaycanda Novruzun bayram edilməsi yenidən qapandı. Novruz üzərindən qadağaların götürülməsindən xeyli sonra daha bir təşəbbüs edildi. Akademik Mirzə İbrahimovun yazdığı kimi, “Azərbaycan Kommunist Partiyasının 1988-cı ilin noyabrında bu bayram üzərindəki qadağaları silib atmasını xalq böyük fərəh və ruh yüksəkliyi ilə qarşıladı...” ( bax: Novruz, toplu, Bakı, Yazıçı, 1989). Ancaq bu qərar kağız üzərində qaldı. Novruzun yenə ümumxalq bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi baş tutmadı. Bir toplu nəşr edilməklə, bir neçə məqalə yazılmaqla iş bitmiş hesab edildi. 1990-cı ildəki Qanlı Yanvar hadisələri zamanı hökumət “matəm günlərində” bayram keçirmək olmaz” deyərək Novruzun üzərinə yeni yasaqlar qoydu. Ancaq mart günlərində akademik Fuad Qasımzadə Dövlət Televiziyasında, – “Xalqı yasda saxlamaq olmaz, Novruz xalqı daha sıx birləşdirər” – deyə bayram nəşrləri üzərinə qoyulmuş qadağaları ləğv etməyə çağırdı, ilk dəfə olaraq televiziya efirində “İlaxır çərşənbələr” barədə silsilə verilişlərlə çıxış edib xalqı öz milli dəyərlərini qoruyub saxlamağa çağırdı.

1992-cı ildə bayramın tarixini, adət-ənənələrini əks etdirən “Novruz bayramı” adlı yeni suvenir əsər çap edildi (bax: Novruz bayramı, Bakı, “Yazıçı” nəşriyyatı, 1992). Ölkəmizdə xalqın böyük ruh yüksəkliyi ilə öz milli dəyərlərini yaddaşa qaytarmasının yeni mərhələsi başladı.

Fərəhli haldır ki, cəmiyyətimiz dədə-babadan miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadıb davam və inkişaf etdirməkdədir. Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdikdən sonra – 1993-cü ildə Novruz bayramı mərhum prezident, ulu öndər Heydər Əliyevin sərəncamı ilə ümumxalq bayramı elan edilmiş, onun üzərindən bütün qadağalar birdəfəlik götürülmüş, xalq Novruzu hər yerdə özünün böyük milli bayramı kimi kütləvi şənliklərlə qeyd etməyə başlamış, Novruz beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək dünyaya sürətlə yayılmağa başlamışdır.

Təbii ki, yüzilliklər ərzində böyük Novruz heç də həmişə birmənalı münasibətlə üzləşməmişdir. Onu qəbul edən tayfaların bir sıra yaz mərasimlərinin və regional bayramlarının Novruzla çarpazlaşma prosesi də baş vermiş, müəyyən tayfalar içərisində bayram özünün folklorlaşma həyatını da yaşamışdır. Türk tayfaları içərisində isə bu proses nisbətən daha güclü olmuşdur. Ayrı-ayrı tayfaların bir sıra kiçik, xırda İlaxır, İlbaşı mərasimləri Novruzla çarpazlaşmış, müxtəlif soylar içərisində isə onlar bəzən öz əski qəliblərini də qoruyub saxlaya bilmişdir. İslamı qəbul etməmiş qaqauzlar, tuvinlər, xakaslar başqa tayfa və soylar içərisində isə belə folklorlaşma daha rəngarəng olmuşdur. folklorlaşma bayramın bir sıra mərasimləri kimi hətta onun dörd müqəddəs çərşənbəsinin sıra düzümündən və adlarının təhrifindən də yan keçməmişdir.

Bayramı tam formatda keçirməyə imkanı olmayan, oturaq həyata qismən gec keçmiş, eləcə də Azərbaycan ərazisinə sonralar gəlmiş bir sıra tayfalar – tərəkəmələr, padarlar, azsaylı qonşu soylar içərisində daha fəal halda baş vermiş bu folklorlaşma nəticəsində otuz günlük Boz ay içərisində hər biri yeddi gündən ibarət dörd çərşənbənin sayı yeddiyə, bəzən də doqquza çatdırılmış, yaxud onların yalançı çərşənbə, kül çərşənbə, qara, ölülər çərşənbəsi və sair kimi məhəlli adlarla əlaqələndirilməsinə təşəbbüslər edilmişdir. Bununla da, Novruzu söykəndiyi dörd bəşəri kökdən-çərşənbələrdən məhrum edərək bayramı bayağılaşdırmağa, onu dünyanın yaz bayramları silsiləsindən ayırıb kiçiltməyə, ona İlaxır, İlbaşı kimi adlar verməklə Novruzu bir ulusda, soyda, obada keçirilən məhəlli bayram səviyyəsinə endirməyə cəhdlər göstərmişlər. Təəssüf ki, Novruzu təhrif edən belə yabançı hallara bu günün özündə də bir sıra mətbuat səhifələrində, radio və televiziya efirlərində, üzdəniraq kitab səhifələrində təsadüf olunur”.

AMEA-nın müxbir üzvü, mərhum professor Azad Nəbiyevin “Novruz sülh, dostluq və humanizm bayramıdır” adlı etnoqrafik oçerkindən geniş şəkildə gətirdiyim yuxarıdakı sitatda xalqımızın milli kimlik bayramı olan Novruz bayramına qarşı edilmiş (və edilməkdə olan) tarixi düşmənçiliklər bir daha bizi ayıq salmağa çağırışdır. Bu fikirlər sadəcə tarixi hadisələri xatırlatma deyil, eyni zamanda bir folklorşünasın qaldırdığı həyəcan səsi və həm də ki xəbərdarlığıdır. Burada bir tərəfdən sovet siyasi rejiminin Novruz bayramı üzərində qoyduğu qadağadan söhbət açılır, bir tərəfdən bu rejimə havadarlıq edən tarixi düşmənlərimiz olan ermənilərin (A.Mikoyanın, Levon Şaumyanın, Marietta Şaginyanın, Serqo Xanzadyanın və b.nın timsalında) Novruz bayramına qarşı düşmənçiliyi ilə milli düşmənçiliklərini apardıqları diqqətə çatdırılırsa, digər tərəfdən də öz içərimizdən bilərəkdən və ya bilməyərəkdən Novruz bayramına vurulan zərərdən bəhs olunur.
Bununla folklorşunas alim həyəcan siqnalı verib, xəbərdarlıq edir ki, Novruz bayramı ilə bağlı mətbuat səhifələrində, radio və televiziyalarda mütəxəssis fikri səsləndirilməlidir, folklorumuzun biliciləri bu haqda mülahizələrini bildirməlidirlər. Əks halda görkəmli alimin dediyi kimi, “Novruzu təhrif edən yabancı hallarla bu günün özündə də rastlaşacağıq”. Xalqın milli varlığının təcəssümü olan Novruz bayramı haqda yanlış-yabançı çıxışlar etmək özü də milli dəyərlərimizə qarşı vurulan yolverilməz zərbə hesab olunmalıdır. Hər bir halda xalqın milli-mənəvi həyatının ifadəsi olan müqəddəs dəyərlərlə bağlı və eyni zamanda bunun bariz nümunəsi kimi Novruz bayramı haqqında peşəkar mütəxəssis, görkəmli folklorşünas rəyi əsas götürülməli, hər təsadüfi adamın, qeyri-peşəkar şəxsin fikirləri ictimai dairələrə ayaq açmamalıdır. Əks təqdirdə yanlışlıqlar baş alıb gedər, yalanla həqiqət arasında çaşıb qalarıq.

Novruz bayramına qoyulan qadağalar tarixin müxtəlif dövrlərində xalqımıza qarşı aparılan siyasi-ideoloji zorakılıqlar idi. Belə ki, xalqın milli bayramına yasaq qoyulması elə həm də xalqın milli heysiyyətinə, milli şüuruna qarşı aparılan siyasi düşmənçilik demək idi. Novruz bayramına vurulan zərbələr isə həm bu cür vasitələrlə xarici düşmənlərimizdən gəlib, həm də bilərəkdən və ya bilməzlikdən daxilimizdən baş alıb gəlib. Bunun da bir sıra səbəbləri vardır.

Birincisi. Təəssüflər olsun ki, bəzən folklorşünaslarımız da da bayramın daxili məna qatlarına enə bilmədiklərindən, onun üzdən görünən cəhətlərinə müasir dövrün gözü ilə yanaşıb, yanlış düşüncədə olmuşlar və nəticədə düzgün olmayan fikirlər söyləmişlər. Halbuki Novruzun səsi – sorağı tarixin arxaik zamanlarından gəlir və o özlüyündə mifik dünyagörüşün əlamətlərini yaşadır. Buna görə də Novruz bayramında müşahidə olunan bir sıra qeyri-adiliklərə müasir dondan yanaşmaq səhvdir və bu xüsusda səhv, qeyri-elmi münasibət sərgiləmək özü də bayramın mahiyyətinə kölgə salmaqla ona istər-istəməz ciddi zərbələr vurur, ictimai dairədə çaşqınlıqlara yol açır.

İkincisi. Müstəqillik dövründə söz-mətbuat, ekran-efir azadlığından istifadə (əslində sui-istifadə) etməklə qeyri-peşəkarlar, folklorşünas olmayanlar da Novruz bayramı haqqında danışır, yazır, müsahibələr verirlər ki, yenə də Novruz bayramının əsl mahiyyəti kölgədə qalır və bu yöndən də yanlışlıqlar cəmiyyətə ayaq açır. Yenə də qeyri-obyektiv-münasibətin fonunda son nəticədə zərbə Novruza dəyir. Yəni mahiyyət kölgədə qaldığından, bayağı və bəsit düşüncə cəmiyyətə təqdim olunur və ictimaiyyətdə fikir çaşqınlığı yaradır.

Üçüncüsü. Novruz hamımızın bayramıdır. Buna görə də hamımız Novruzun içindəyik və onu hər il böyük təntənə ilə bayram edirik. Novruzun xoş ovqatı bizim həyatımıza, məişətimizə, bir sözlə, daxili mənəvi dünyamıza köçdüyündən, Novruz bayramı da (öz sevinci, coşqusu ilə) bizim içimizdədir. Yəni biz Novruzla iç-içəyik, Novruz bizim içimizdədir, biz də Novruzun içində. Məhz bu səbəbdən də hər kəs Novruz bayramı ilə bağlı zəngin xoş təəssürata malikdir. Bu amil hər bir adamı Novruzla bağlı danışmağa, yazmağa, müsahibə verməyə sövq edə bilər. Ancaq bu məsələ hər bir sıravi vətəndaşın Novruz bayramı ilə bağlı hansısa illüzial fikir səsləndirməsinə, yanlış mülahizələr yürütməsinə haqq vermir. İnformasiya vermək olar, Novruzu bir fərd, toplum olaraq necə keçirmələri haqda məlumat vermək olar (əslində belə olmalıdır!). Folklorşünaslar isə eşitdikləri bu folklor materialı – söylənilən informasiya üzərində müşahidə və təhlillər aparmaqla mütəxəssis rəyi bildirməlidirlər. Təəssüf ki, belə olmur və nəticədə Novruzun mahiyyətini bilmədən onun haqqında yanlış mülahizələr söylənilir. Bax, bu da Novruz bayramına vurulan bir zərbə olur. Yenə təkrar deyirəm: Novruz Bayramı zəngin adət-ənənələrlə keçirilir və xalqımızın hər bir nümayəndəsi bu mərasimi necə qarşıladığını, bayram etdiyini danışmağa borcludur. Amma bu informasiyanın zəminində bayramın ritual-mifoloji köklərini araşdırıb, mülahizə yürütmək artıq bu sahənin araşdırıcıları olan elm adamlarının işidir. Hər kəs öz vəzifəsini bilsə - informator eşidib-gördüyünü danışsa, folklorşünaslar da bu informasiyanın işığı ilə gedib tədqiqatlarını aparsalar, onda doğru-dürüst nəticələr əldə olunar, bayramımızı da yabançı zərbələrdən qoruyarıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə