Türkiyə Qafqazda oyun qaydalarını dəyişir?

Nikol Paşinyan, bölgədə türk əsgərinin nəfəsini hiss etməyə başlayıb və elə təşvişə düşüb ki, arvadı Annanı da qoltuğuna vurub Qarabağa gəlib. Sanki, artıq bu dəfə hadisələrin tam başqa məcraya yön aldığını, Türkiyənin Qafqaza girmək üçün bu dəfə daha israrlı olduğunu məntiq qarışıq möhkəm qorxu ilə hiss etməyə başlayıb. Budur, Ermənistan əsrlərdir ki, tarixi atası rolunda çıxış edən Rusiyanın ayaqlarına sarılaraq, silah və hərbi dəstək dilənir. Qarabağı azərbaycanlıların yaddaşından sildirmək üçün yaradılan ATƏT deyilən axmaq bir təşkilatda həmsədr olan Rusiya, təkcə Tovuz döyüşlərindən dərhal sonra maşın karvanı dolu silah-sursatla Ermənistana “hədiyyə” yollayıb. Belə görünür ki, elə Moskvada da bölgədəki yeni dövrə “möhkəm hazırlaşırlar”. Bu dəfə daha sakit və səssiz, heç kimi hədələyib “asıb-kəsmədən” hadisələrə yanaşır Rusiya.

Tarix boyu bu torpaqlarda daima domokl qılıncı kimi asılan Rusiya, yeni vəziyyət və oyun qaydaları ilə razılaşmağa məcburdur deyəsən. Moskva artıq əvvəlki kimi, yəni qılıncının kəsdiyi vaxtlarda olduğu kimi ona-buna meydan oxumaq halında olmadığını getdikcə daha yaxşı anlayır. Artıq əziz Vladimir Vladimiroviçin cəmi 5-10 il qabaqkı kimi Moskvada Angela Merkelə pis söyüş söymək, Nikolya Sarkozinin qalstukundan yapışıb onu təhqir etmək, Mixail Saakaşvilini qaranlıq zirzəmiyə salıb “haqq-hesab çəkmək” kimi imkanları yoxdur daha.
Düzdür, Rusiya nəhəngdir, həttda Xristofor Kolumbun kəşf etdiyi gündən bəri, ilk dəfə iki-üç il əvvəl əzəli rəqib olduğu ABŞ-dakı seçkilərə əl uzatmaq gücündə olan Moskva, bir çox Qərb dairələri üçün əsl “şimal ayısı” fobiyası, “xaxol canavarı” qiyafəsində görünür. Amma, Rusiya artıq bu görkəmində belə, cəmi 5-10 il əvvəlki kimi elə də qorxunc görünmür. Keçən ilin sonlarında ortaya çıxan, təbii epidemiyadan daha çox insan “zəkasının məhsulu” olan və dünya güclərinin ölümcül maraqlarına, “haqq-hesab” işinə hesablanan koronavirus məsələsi, həm də dünya siyasətində heç bir şeyin əvvəlki kimi olmayacağını ortaya qoydu. Xüsusilə, Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın ilin əvvəlindən söylədiyi “Artıq heç nə əvvəlki kimi olmayacaq” ifadəsi də yeni dönəmin ilk işarəsi idi.
Məncə, Türkiyə lideri yeni dünya düzəni barədə səhih məlumatı olan iki-üç dünya liderindən biridir. Elə qardaş ölkənin həm Aralıq dənizində, həm də bizə olan mükəmməl dəstəyinə görə Qafqazlarda əzələ nümayişi düşünülmüş siyasətdir və çox güman ki, çoz uzaq zaman üçün hesablanlıb. Artıq Türkiyə faktoru dünya siyasəti üçün həlledici amilə çevrilir.

Çünki rəsmi Ankara uzaq 2003-cü ildəki zəif NATO dövləti və ya Qərbin qapazaltısı durumunda olan dövlət deyil. İndi qərbdəkilərin və Rusiyanın qarşısında, olduqca güclü hərbi sənayeyə sahib olan, ən son silah texnologiyasına malik, ABŞ sanksiyalarının və dollar hədəsinin çökdürə bilməyəcəyi davamlı iqtisadiyyat quran bir güclü Türkiyə dayanıb. Sözsüz ki, son bir neçə ayda Aralıq dənizində Yunanıstanı qızışdırıb ortaya atanlar da, Ermənistanı Azərbaycan əleyhinə tarixi köpək missiyası kimi təxribata sürükləyənlər də sadaladığım faktlardan xəbərdardırlar.

Elə məhz yuxarıda sadaladığım faktlar da həm Qərb dairələrini, həm də Rusiyanı bölgədə və dünya siyasətində “dəmir gücə” çevrilən Türkiyə əleyhinə tədbirlər görməyə sövq edir.
Həm Moskvada, həm də Qərb paytaxtlarında Türkiyənin getdikcə güclənən mövqelərinin təcili zəiflədilməsi barədə planlar qurulur. Şərqi Aralıq dənizində Yunanıstana və arxasında duran güclərə qarşı əzmkar mövqe sərgiləyən rəsmi Ankara, Qafqazdakı mühüm iqtisadi layihələrinə Azərbaycana hücum və təxribatlar təşkil etməklə maneə yaradanlara güzəşt etməyəcəyini açıq şəkildə ortaya qoydu.
Hər zaman qardaş Azərbaycana davamlı dəstək göstərən Türkiyə, artıq Qafqazda təkcə iqtisadi deyil, artıq hərbi layihələrini də realaşdırmaqla bu bölgədə tarixi missiyasına qayıdır, bu faktdır və inkarı mənasızdır. Baş verənlərdən aydın görünür ki, indiyə qədər Azərbaycana siyasi və diplomatik dəstək göstərən qardaş ölkə, artıq bölgədəki dəstəyini hərbi şəkildə göstərmək niyyətindədir. Bu niyyəti Moskvada da ciddi şəkildə izləyirlər və son Tovuz döyüşlərində Türkiyənin rəsmi Bakıya olan güclü siyasi dəstəyi, üstəlik döyüşlərdən dərhal sonra Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə hərbi təlimlər keçirməsi də, Qafqazda Türkiyə rüzgarının bundan sonra daha sərt “əsəcəyindən” xəbər verir. Rusiyanın bölgədə əsrlər boyu davam edən yanlış siyasəti artıq adekvat reaksiyaya səbəb olub. İndi heç kəs Moskvanın bu yanlış siyasətini “malalamaq”, onun qorxusundan səsini kəsmək fikrində deyil. Həttda Rusiyanın ayrılmaz slavyan qardaşı Belarus belə.!
MDB-dəki ölkələrin əksəriyyəti Moskvanın ədalətsiz və aşağılayıcı siyasətindən o dərəcədə boğaza yığılıblar ki, artıq baş verənlərin Rusiya üçün ən arzuolunmaz ssenariyə yol açacağı qaçılmazdır. V.Putin, içki düşkünü olan Boris Yeltsinin zamanındakı dağılan Rusiyanın “ipini” yığıb, rəsmi Moskvanı yenidən dünya siyasətindəki mövqeyinə qaytara bildisə də, əvəzində ölkə korrupsiya və irimiqyaslı cinayətkar məmur qruplaşmalarının girovuna çevrildi, bu azmış kimi bacarıqsız regional siyasət üzündən Rusiya həttda ona doğma olan slavyan ölkələri ilə düşmən durumuna gəldi. Qafqazda isə, tarix boyu Ermənistandan “kəbinsiz qadın” rolunda istifadə edən Kreml, bu yanlış siyasətini bu gün də davam etdirərək, özünə qarşı qıcıq yaradır.
Məncə əziz Vladimir Vladimiroviç hələ də məhz saymamazlığın, özünü hamıdan yüsksəkdə görməyin eyforiyasındadır və bunun əvəzini gerçəkdən ağır da ödəyə bilər. Heç şübhəsiz ki, dünya siyasətində, xüsusilə Qafqazda Rusiya amili ölümcül kəsərə sahibdir. Bu, sadəcə danılması mümkün olmayan faktdır. Amma onu da etiraf etmək lazımdır ki, bu gün elə bir tarixi şərait yaranıb ki, artıq Türkiyənin də Qafqazda əsas oyunçuya çevrilməsi qaçılmazdır. Düzdür, Moskva daima buraların “domokl qılıncı” olaraq qalacaq, amma o da bir faktdır ki, indi bu bölgədə güclü dövlətlərin yeni mübarizəsi, “əl dəyişməsi”, yaxud “güclərin toqquşması” başlayıb. Türkiyənin Qafqazda hansı addımlar atacağını, Rusiya ilə necə “dil tapacağını” isə, zaman göstərəcək...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə