“Nəhəng” akademikin cılız mənəviyyatı

Təhmasib Novruzov

Allah şahidimdir ki, həyatım boyu heç vaxt yıxılana balta çalmamışam, əksinə, yıxılana balta çalanlara mane olmağa çalışmışam. Ulu Öndər Heydər Əliyevə qarşı 1990-cı illərdə genişmiqyaslı kompaniya aparıldığı bir zamanda xalqın tarixində əvəzsiz xidmətlər göstərmiş bir el ağsaqqalı kimi (O zamam yenidən hakimiyyətə qayıdacağı, müstəqil dövlətimizi təlatümlər burulğanından xilas edəcəyi, qüdrətli Azərbaycan Dövlətini quracağı haqqında söz-söhbət belə getmirdi) onu müdafiə etdiyimi hər kəs bilir. Eynilə, Prezidentliyi dönəmində dəfələrlə tənqid etdiyim Ayaz Mütəllibov ölkəni tərk edib Moskvada yaşadığı dövrdə, yenə ilk dəfə olaraq onun “xəyanətkar Prezident” olmadığını, Azərbaycanın ən ağrılı problemi olan Qarabağ məsələsini həll etmək üçün bütün imkanlarından maksimum istifadə etdiyini, lakin o zamankı qaragüruh müxalifətin buna mane ilduğunu faktlarla ortaya qoymuşam.

AXC hakimiyyətə gəldiyi ərəfədə Ali Məclisin üzvü kimi bu addıma qarşı çıxaraq, bütün gücümlə Əbülfəz Elçibəyin Prezident seçilməsinə mane olmağa çalışdığım, hakimiyyətdə olduğu müddətdə dəfələrlə mətbuatda onların səriştəsiz və yanlışlarla dolu idarəçiliklərini tənqid etdiyim halda, 1993-cü ilin iyulundan – hakimiyyəti təhvil verdikdən sonra onlara qarşı heç bir tənqidi fikir səsləndirmədim.Ta o zamana qədər ki, xaricdəki dostlarından dəstək alıb yenidən iqtidara gəlmək istəklərini gerçəkləşdirməyə can atdılar. Bunun gənc Azərbaycan Dövlətini hansı vəziyyətə salacağını yaxşı bildiyimdən susmağı özümə, xüsusilə əzablardan yenicə qurtulmuş xalqıma rəva görmədim və danışmağa qərar verdim. AXC hakimiyyəti dövründə Murtuz Ələsgərova, Ramiz Mehdiyevə, Akif Muradverdiyevə və digərlərinə qarşı rəhmətlik İskəndər Həmidovun daxili işlər naziri işlədiyi zaman hücumlarına birbaşa mane olmuşam və belə hərəkətlərin ölkədə parçalanma yarada biləcəyini əsas gətirib onu adlarını çəkdiyim adamlarla bağlı planlarından vaz keçirməyə nail olmuşam. Bir sözlə, bu və sadalamadığım onlarla fakt var ki, imkanım daxilində hər zaman təqsirsiz əzilənə dəstək verən, yıxılana çalınan baltanı göydə saxlamağa çalışan addımlar atmış, yıxılmışın qüsurlarını isə yıxılandan sonra deməyi özümə rəva bilməmişəm, əgər yenidən o qüsurları işlətməyə can atmırsa!

Bunları ona görə yazdım ki, on illər boyu Azərbycanda ən yüksək vəzifədə çalışan, faktiki olaraq vəzifəsinə və mövqeyinə görə ölkənin ikinci şəxsi olmuş, bundan istifadə edib özünə “Akademik” titulu qazandırmış Ramiz Mehdiyev haqqında düşüncələrimi cəmiyyətlə bölüşdüyümə görə kimsə məni “yıxılana balta çalmaqda” qınamasın. Əslində uzun illər Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə “sədaqətlə”(?) xidmət etdiyini və onun məhz Rusiya ilə əlaqələrindən dövlətimizin inkişafı naminə istifadə edildiyini düşündüyümdən şəxsimə qarşı birbaşa yönəltdiyi fəaliyyətinə rəğmən heç vaxt haqqında tənqidi nəsə yazmaq haqqında fikirləşməmişəm də.

Prezident Administrasiyasının rəhbərliyindən çox hörmətlə kənarlaşdırılmasını da, səmimi deyim ki, ölkə başçısının ən doğru addımı hesab etmişəm. Fəqət yaşının ahıl çağında on illər boyu qazandığı (Daha doğrusu qazandırılan...) xətir-hörmətə rəğmən ən cılız adamların belə yol verməyəcəyi xətası ilə məni bilgisayar arxasına keçməyə vadar etdi. Azərbaycan dövlətçiliyinə vurduğu zərbələrə baxmayaraq ona qoyulan hörmətdən sui-istifadə etməsi, dövlətə zərərli fəaliyyətinin yeni formasına start verməsi iliyimə qədər işlədi və məndə dözülməz bir ikrah hissi yaratdı.

Ölkə başçısının dəfələrlə etdiyi müraciətlərə, Nazirlər Kabinetinin qərarlarına meydan oxuyaraq pandemiya şəraitində nəvəsinə toy etməsi, eks-məmurları və özünün təyin etdyi deputatları da bu toya dəvət etməsi birbaşa təxribatdır və buna kimsə başqa don geydirə bilməz. Buna görə qınaq obyektinə çevrilməsindən utanıb, dövlət rəsmilərindən və xalqdan üzr istəmək əvəzinə, onu qınayanlara əzələ nümayiş etdirməsi isə bu təxribatın təsadüfi deyil, planlı şəkildə törədildiyindən xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin pik həddə çatdığı, türk ordusunun Azərbaycana açıq-aşkar dəstək verdiyi, Rusiya ilə münasibətlərdə nisbi gərginliyin yarandığı bir zamanda Rusiyaya bağlı eksməmurun bu hərəkətləri birbaşa xəyanətdir və bunun başqa adı yoxdur. Heç kimə sirr deyil ki, 1994-cü ildə Dövlət Katibi vəzifəsinə təyin edildiyi (Dəqiqləşdirək: Rusiyanın təkidi ilə təyin etdirildiyi) vaxtdan ölkədə rüşvətin, korrupsiyanın başında duran, bununla cəmiyyətdə dövlətə qarşı mənfi rəy formalaşdıran Ramiz Mehdiyevin məhz indiki gərgin vaxtda bu addımları atması da Rusiyanın sifarişi hesab oluna bilər. Məni düşündürən isə başqa məsələdir.Yüksək vəzifəsindən istifadə edib özü kimi pul hərislərindən ibarət güclü tərəfdaşlar toplayan, “klan” yaradan, müxalifətin içindəki anti-dövlət qüvvələrə dəstək verməklə onları da özünə tərəf çəkən Ramiz Mehdiyev nədən bu “toy” oyununu onlardan birinin əli ilə deyil, özü saldı meydana? Bəlkə ağaları belə buyurmuşdu? Amma bir az düşünsəydi anlayardı ki, bu yaşında belə bir təxribata əl atmasaydı, bəlkə də xalq onun bu dövlətə və bu xaıqa vurduğu zərbələri unudacaqdı.

Fəqət indi unudulanları və unudulacaqları yenidən xatırlatdı hər kəsə. Xatırlatdı və əminəm ki, əgər drmazsa bu təxribatların ən böyük zərbəsi elə onun özünə dəyəcək

Bütün xəbərlər Facebook səhifəmizdə