Belarus seçkiləri əsl tapmaca kimi keçdi. Həm sehrli, sirli qutu kimi, həm də hələ də nəticələri açıq qalan seçki kimi. Bir çoxlarınız ikibaşlı eyhamıma təəcüblənəcəksiniz. Amma ortada seçki başa çatsa da, “məsələnin hələ bitmədiyi” kimi bir rəy açıqca ortadadır. “Kurtlar Vadisi”ndəki Zaza dayının sözü olmasın, sanki Belarusdan hələ də “əzrayılın qoxusu gəlir”. Əslində Belarus səmasında hələ də Moskvanın ölüm saçan nəfəs döyüntülərini eşitməmək, özünü siyasi karlığa vurmaqdan başqa bir şey deyil.

Düzdür, Vladimir Putin artıq Aleksandr Lukaşenkonu təbrik də edib. Bu təbrik çox hallarda o mənanı verir ki, artıq Moskva öz “xeyir-duasını” verib, seçilən namizəd rahat nəfəs ala bilər. Amma belaruslular V.Putinin bu “xeyir duasının” səmimiliyinə qorxu qarışıq şübhə ilə yanaşırlar. Çünki o vaxt Viktor Yanukoviç Ukraynada prezident seçiləndə V.Putin ona düz üç dəfə zəng edib təbrik etmişdi, amma sonda V.Yanukoviç yazıq arxa qapıdan qaçıb canını zorla qurtarmışdı. Düzdür iradəsiz V.Yanukoviçi qərbdəkilər devirmişdi o vaxt. Amma bu dəfə Aleksandr Qriqoriyeviçin üzərində dərin rus nəfəsi xışıldayır. Açıq demək lazımdır: hamı, belaruslular da, elə dünyadakı hər kəs də V.Putinin ara sakitləşən kimi əziz Aleksandr Qriqoriyeviçi “mədəni yolla” hakimiyyətdən aşıracağını düşünürlər.

Əslində bu barədə düşünmək üçün əllərində istmədəyin qədər səbəb də var. Sanki hamıda belə bir rəy yaranıb ki, son baş verənlərə görə, xüsuslə A.Lukaşenkonun Ukrayna efirlərində Kreml sahibini “yerdən-yerə” vurmasına görə KQB generalı qisas üçün pusqudadır. Düzdür, seçkidən 80 faiz üstünlüklə A. Lukaşenko çıxdı, Belarus lideri özünü tam tımkinli və rahat hiss edir. Amma indinin özündə də Minsk küçələrində etirazçı narazılar polislə toqquşa-toqquşa gedirlər. A.Lukaşenko onların çoxunun kriminal ünsür olduğunu deyir, Polşa və Çexiyanı günahlandırır, “batka”nın əsas rəqibi olan xanım Svetlana Tixanovskaya isə Litvaya qaçıb. İndiki halda Belarusdakı mənzərə belədir.
Düzdür, indiki halda belə Aleksandr Qriqoriyeviçin artıq hər şeyə nəzarət etdiyini, onun üçün seçki təhlükəsinin sovuşduğunu düşünənlər də yox deyil. Onlar düşünür ki, artıq seçki arxada qalıb və narazıların ara-sıra yüksələn səsləri də, bir neçə həftəyə tamam yoxa çıxacaq. Amma Minskdə Moskvanın A.Lukaşenkodan qisas almaq üçün fürsət gözlədiyi kimi ictimai fikir də hökm sürür. Çünki qisasçı V.Putin heç nəyi yaddan çıxarmır, bunu rusların qardaşı olan belaruslar hamıdan yaxşı bilirlər.
Əlsində hər şey Vladimir Putinin A.Lukaşenkonu Minskdə başqası ilə əvəzləmək niyyətindən və “batka”nın bundan duyuq düşməsindən sonra başladı. Moskvanın bu niyyəti isə, bütün körpüləri birdəfəlik “yandırdı”. Maraqlıdır ki, Moskvanın bu niyyətini hansısa kəşfiyyat xidməti deyil, elə Aleksand Lukaşenkonun özü dilə gətirdi. Siyasi meydanda bir yandan, 24 illik hakimiyyəti dövründə ilk dəfə ciddi siyasi sınaqla qarşılaşan və illərdir böyük qardaş kimi kürəyini söykədiyi Kremlə bu dəfə sərt oxlar tuşlayan A. Lukaşenko, o biri tərəfdə isə, A.Likaşenkonun sərt ittihamlarını və mərkəzdənqaçma siyasətini səbrlə müşahidə edən və ikinci “Ukrayna tələsi”nə düşməməyə çalışan təmkinli və çox qisasçı KQB generalı olan Vladimir Putin.
Açıq-aşkar göründü ki, A.Lukaşenko ilə Moskva arasında böyük çatlaq yaranıb. Həttda rusiyalı muzdlu silahlıların Minskdə görünməsi, “batka”nın isə, onları Ukraynaya təslim etmək kimi çox risqli, V.Putini dəliyə çevirəcək müzakirəyə baş vurması, bu dəfə Belarusla Rusiya arasında “slavyan qışının” yaşanacağını qaçılmaz edir. Hər kəs gördü ki, neçə on illərdir ki, Rusiyanın öz federal subyekti kimi xoş olmayan imic qazanan Belarus, bu dəfə ayrı fikrə düşüb. A.Lukaşenko onu siyasi təqaüdə yollamaq istəyən Moskvaya qarşı açıq mübarizə xəttini ortaya qoyub. Bir çoxları A.Lukaşenkonu devirmək üçün qərbdəkilərin plan hazırladıqlarını dilə gətirsələr də, bu qətiyyən ağlabatan deyil. Çünki uzun illərdən sonra qərbə meyllənən, son bir neçə ayda isə, V.Putinə qarşı heç bir qərb liderinin cəsarət edib dilə gətirmədiyi fikirlər səsləndirən və Rusiyaya meydan oxuyan A.Lukaşenkonu aradan götürmək qərbdəkilərə qəti sərf etmir. Axı A.Lukaşenkonu itirməklə qərbdəkilər heç bir mənfəət qazanmırlar. Əksinə Moskvanın “qulağının dibində” ona yaxın olan bir dövlətin Rusiyaya qarşı meydan oxuması, V.Putinə öz mövqeyini diqtə etməsi, başqalarını da buna cəsarətləndirməsi aparıcı söz sahibi olan güclü qərb dairələri üçün hava və su qədər önəmlidir. A.Lukaşenkonu Minskdə devirməklə qərbdəkilər boş hay-küydən başqa heç nə “qazanmayacaqlar”. Moskvanın “kiçik qardaş” olmaq obrazından imtina edən “batka” qərb üçün olduqca önəmlidir, nəinki onu itirmək.
Belədə isə, bütün diqqətlər Krem sahibinə yönəlir. Ən maraqlı sual budur ki, V.Putin nədən elə seçki qutusunda “batka” ilə haqq-hesab çəkmədi?. Bu, çox aktual sualdır. Amma cavab da sadədir: V.Putin Belarusda ikinci “Ukrayna tələsinə” düşmədi, daha bir slavyan dövlətini açıq şəkildə Rusiyaya qarşı amansız düşmənə çevirmək istəmədi, özünə qarşı daha bir slavyan nifrətini ərşə qaldırmadı, bir sıra məsələlərdən ehtiyat etdi, vəssalam. Kreml sahibi belə görünür ki, A.Lukaşenko ilə mövcud problemini bir müddət təxirə salmağa və “batka”nı “ovlamaq” üçün daha yaxşı hazırlaşmağa qərar verib. Çünki V.Putin A.Lukaşenkonun onun ünvanına səsləndirdiyi son ittiham və saymazyana aşağılayıcı fikirləri heç vaxt “əliboş qaytarmaz”. Odur ki, Belarus seçkisində qutudan A.Lukaşenko çıxsa da, qalibin kim olduğunu zaman göstərəcək.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...