Çirkab əvəzinə nifrət, yoxsa təmizliyə görə sevgi?

Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? Bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket - R.) çıxartdı və tulladı üzü aşağı...

Belə xəbərləri çox eşitmişdim, amma heç görməmişdim, onu da gördüm. İndi artıq "göz gündə bir mənzərə görməsə kor olar" məsəli önə çıxıb. O mənzərəni görəndə donub qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, əlbəttə bu mənim xoşuma gəlməyəcək. Bəs, mən gətirib sizin evinizin içinə zibil atsam, necə, xoşunuza gələrmi?

Xarici dövlətlərin birində belə bir reklamın mövcudluğundan xəbər verirlər: "Küçəyə zibil atmayın, axı o sizin sərvətinizdir", yaxud, "İctimai yerlərdə tüpürməyin, axı ora sizin simanızdır"...

Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyilmi? Yaxşı, tutaq ki, təmizliyi vacib saymır və haranı gəldi zibilləyirik. Sabah bu zibilin yaratdığı problemin ziyanını da biz özümüz çəkirik axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oynayır, məgər onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?

Özümüzü təmiz zənn edirik. Çünki, gündə neçə dəfə çimir, səliqəli, təmiz geyinir, özümüzə baxır, evimizi yığışdırıb səhmana salırıq. Vəssəlam. Bununla təmizliyi sərhədləmişik. Halbuki təmizliyin sahəsi daha genişdir. Ətraf mühitin təmizliyi özü özlüyündə böyük bir sahədir.

Bəzən çox deyinirik ki, camaat işini görmür, küçələr süpürülmür, yuyulmur, zibillər vaxtında yığışdırlmır...və s. Amma bəs biz özümüz bu yolda hansı işləri görürük?

Lap pəncərədən aşağı zibil atan olmasa da, küçədə adi tumun çırtlanması, siqaret kötüklərinin yerə atılması belə natəmizliyə yol açır, mədəniyyətsizliyi sərgiləyir.

Ətraf mühiti çirkləndirməklə başqalarını da narahat etmiş oluruq. Halbuki, biz insanlar heç bir canlıya zərər verməməli, heç kimə narahatlıq yaşatmamalıyıq, əksinə çalışmalıyıq ki, hamımızın könlü xoş olsun.

Dinimiz də buna yaxşı baxmır. Necə deyərlər, təmizlik imandan gəlir. Lap din də bir yana, insanların oturub qalxdığı yerlərin, gəlib keçdiyi yolların, istirahət məkanlarının çirkləndirilməsi əxlaq normasına sığmır, insanlığa yaraşmır.

Küçədə biri elə tüpürür ki, gəl görəsən, digəri tum çırtlayır. Hərçənd ki, paytaxtımızın bəzi yerlərində zibil qabı tapmaq özü də müşkül məsələdir.

Nə isə, dərin və ağrılı mövzudur. Başından tutmuş ayağınacan hər birimizin bir yalnış əməli var. Biz camaatın nifrətini qazana-qazana hara gedirik belə? Çirkab içində sonumuz nə olacaq? Qısası, ətraf mühitin çirklənməsinə görə nifrət qazanmaqdansa, onun təmizliyinə səbəb olub sevgi, rəhmət qazanaq bəlkə?

Məgər zibilləməyin özü, zibilləşmək deyilmi?

Bütün xəbərlər Facebook səhifəmizdə