Nədənsə həmişə adama elə gəlir ki, Rusiyada hər dəfə bir hakimiyyət dəyişikliyi ruslardan daha çox, ilk növbədə azərbaycanlılar tərəfindən maraqla və həyəcanla qarşılanır. Hər bir azərbaycanlı nə vaxtsa Kremldə hakimiyyət başına gələn yeni rus liderinin azərbaycanlılara qarşı yüz illər boyu rus çarları tərəfindən yeridilən rus siyasətini dəyişə biləcəyi ümidi ilə yaşayır. Amma təəsüf ki, sadəcə bu ümidlə yaşayır, başqa heç nə!

Çünki heç cürə inandırıcı görünmür ki, az qala Rusiyanın "ana konstutisiyası"na çevrilmiş məşhur "Nikolay vəsiyyəti"ni məhz indi V.Putin ayaqlar altına salıb tapdalasın, Moskvanın ermənilər üzərindəki neçə əsrlik "atalıq hüququnu" bir andaca ləğv edə bilsin. Erməni sevgisi bütün Rusiya üçün yazılmamış "qanuna" çevrilib. Dəxli yoxdur ya çar dövründə olsun, ya sovetin kəsəkəs vaxtında, ya da elə indinin özündə. Elə ABŞ-da hər dəfə yeni seçki keçiriləndə hər bir azərbaycanlı fikirləşir ki, görəsən hansısa vicdanlı prezidentliyə namizəd erməni diasporunun "yeminə çevrilmək" bahasına da olsa belə, ən azından sadəcə ABŞ-ın bəyan etdiyi demokratiya prinsipini əsas tutaraq neçə illərdir ki, Ağ Ev-də rəsmi Bakıya qarşı formalaşdırılan olduqca mənfi streotipi aradan qaldırmağa cəhd edəcək. Yenə də həmin ümidli azərbaycanlılara sadəcə olaraq köks ötürməkdən başqa bir şey qalmır. Təkcə Bakı nefti naminə Başinqtonda Azərbaycanlıların üzünə gülümsünən saxta diplomatik gülüşü nəzərə almasaq…

Kreml niyə azərbaycanlılara yox, ermənilərə "stavka" edir?

İndi isə başlayaq bizi neçə əsrlərdir ki, maraqlandıran məsələdən. Hələlik ki, başı daha çox Bəşər Əsədə qarışan balacaboy V.Putinin qafqazdakı qonşuları ilə bağlı həyata keçirəcəyi siyasət də onun prezidentliyi kimi dəyişə biləcəkmi?,-bu sual demək olar ki, bizim üçün vacibdən də vacib məsələdir. Çünki yerləşdiyimiz regionun de-fakto sahibi olan Rusiyanın qarşıdakı müddətdə bizə hansı "üz göstərəcəyi", ilk növbədə Qarabağ müharibəsi ilə bağlı vəziyyətin taleyini müəyyənləşdirən əsas faktordur. Çünki açıq şəkildə etiraf edək ki, Qarabağın "açarı" Rusiyanın əlindədir. Bunu artıq təkcə biz yox, Ağ evdən tutmuş rəsmi Ankaraya qədər hər kəs əla bilir və bu faktla razılaşır. Odur ki, indi ən aktual müzakirə mövzusu, Kremldə yerini daha da möhkəmləndirən V.Putinin qarşıdakı müddətdə Azərbaycana nə vəd etməsidir.

Hazırkı Azərbaycan iqtidarı ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, Kreml rəhbərliyi, tarixin ən kritik situasiyalarında regionda Azərbaycanla müqayisədə Ermənistana daha çox "stavka" edir ki, bu amil də daima sadə azərbaycanlılardan tutmuş ən yuxarı elitaya qədər hər kəsi Moskvadan incik salır. Düzdür həm Dmitri Medvedyev, həm də V.Putinlə prezident İlham Əliyevin münasibətləri olduqca gözəl olub və bu münasibətlər yuxarıda da dediyimiz kimi indi də həmin tempdə davam edir. Amma məsələ iki şəxsin və liderin münasibətləri ilə bağlı deyil. Söhbət neçə yüz illik Rusiya siyasətinin dəyişdirilməsi mümkün olmayan yazılmamış qanunlarından gedir.

Elə qanunlardan ki, həttda Romanovlar sülaləsinin hakimiyyətindən əvvəl də bu qanunlar Rusiya üçün əsas prinsip olub. Çarı devirən Vladimir iliç Lenindən tutmuş, İosif Stalin, Nikita Xuruşşov, Leonid Brejnev, Mixail Qorbaçovdan üzü bəri, Boris Yeltsin və V.Putinə qədər bu siyasət mahiyyətini itirmədən davam edib. Bu isə o deməkdir ki, Moskva Azərbayacana qarşı "dəmir vəsiyyət" siyasətini hələ uzun əsrlər boyu davam etdirəcək. Hətdda bütün azərbaycanlıların Rusiyaya verdikləri həddən artıq yüksək dəyərə baxmayaraq, Kreml divarlarında çar Nikolayın siyasi vəsiyyəti dəyişilməz olaraq qalacaq. Çox maraqlıdır ki, Moskva regionun ən inkişaf etmiş, ən böyük sərvətlərə sahib olan bir ölkəsi ilə sıx dostluq qurmaq, onu bir nömrəli müttəfiqinə çevirmək əvəzinə, daş-qayadan başqa heç nəyi olmayan, daha çox Avropadakı erməni diasporunun yardımları ilə dolanan və zaman-zaman da onların təsir dairəsinə düşən Ermənistana "stavka" edir. Şübhəsiz ki, Moskvanın daima ermənilərə sevgi bəsləməsinin kökündə başqa amillər dayanır.

Rusiyanın daima bizə deyil, Ermənistana "stavka" etməsində, hələ də bizə qaranlıq alan ciddi əsaslar var. Bəlkə Moskva, azadlıq arzusu ilə alışıb yanan azərbaycanlıdan fərqli olaraq, hər gələnin qulu olmağa hazır olan, öz məqsədləri üçün hər "eşşəyə palan" olmağı arzu edən və daha çox da azadlıq arzusunu itirdiyi üçün köləliyi seçən erməniyə daha çox güvənir?,- bu da Moskvanın erməni sevdasının əsas başlıca faktoru kimi qəbul edilməlidir. Məncə Moskva, daxilində azadlıq istəyi istənilən an qığılcımdan alova çevrilə bilən azərbaycanlılardan ciddi şəkildə ehtiyat edir.

Yoxsa onun erməni sevdası, hansısa maraqlar üçün deyil, böyük məsəslərə hesablanmış "sevgidir". Məncə biz bütün gücümüzü Moskvanın "zəif yerini" tapmaqla, ermənilərin Kremlə olan bağlılığına tarixi zərbə endirməklə bu dəmir rabitəni" kökündən qoparmalıyıq.

Putindən sürpriz gözləməyə dəyməz..

Yenə də təkrar edirəm, ermənilərlə Kreml arasındakı bu "dəmir rabitə"ni aradan qaldırmasaq, hazırda Dağlıq Qarabağ münaqişəsinin V.Putinin kabinetində olan "açarını" da heç vaxt görməyəcəyik. Amma görünür ki, bu "dəmir rabitəni əritmək", olduqca ağır və həm də dəyişdirilməsi də mümkünsüz məsələdir. Çünki V.Putin bundan əvvəlki hakimiyyəti dövründə azərbaycanlıların torpaqlarını işğal etmiş erməniyə bir dəfə də olsun "göz ağartmayıbsa", heç bundan sonra da bunu gözləmək lazım deyil. Görünür, Kürəkçay, Türkmənçay müqavilələrinin, ermənilərin İrandan o zamankı Azərbaycan torpaqlarına köçürülməsinin ssenari müəllifi olan çar Nikolayın siyasətini dəyişmək, indiyə qədərki Rusiya rəhbərləri kimi, keçmiş KQB generalının da gücü çatacaq iş deyil. Çünki Kremldə V.Putinin Moskvada neçə yüz illik çar siyasətini dəyişdirmək cəhdlərinə, daima rusların qafqazda "əsas oyunçusuna" çevrilmiş ermənilərə göz ağardacağına, həttda bələkdəki ağlağan körpəni belə inandırıb sakitləşdirə bilməzsən. Çünki çərçivədən kənara çıxsa, V.Putinin özünü də Kremldən çıxdaş edərlər. Rusiya zarafatı sevmir. Istər Putin olsun, istər çar...

Bütün xəbərlər Facebook səhifəmizdə