Vəli VƏLİYEV

Paşinyan 10 Noyabr bəyanatının 9-cu bəndindən çıxdı, yoxsa..?

Ermənistan Baş naziri Nikol Paşinyanın oyunları bitmir. Hər gün bir rəng verir. Müttəfiqləri də Soros kimi ondan imtina etməyi düşünürlər. Amma Nikol onlardan tez tərpənib, deyəsən. Bu gün aldığımız xəbər erməni baş nazirin regionda destruktivlik naminə hansı pəstahadan çıxdığını ortaya qoyur. Azərbaycan 44 günlük müharibədən sonar, düz 3 il idi ki, Ermənistana hər kəsi qane edən sülh təklif edirdi. Eyni zamanda Zəngəzur dəhlizinin hər kəs üçün, xüsusən də Ermənistan üçün uğurlu gələcək vəd etdiyini hər addımda deyirdi. Ermənistan isə bu xoşməramlı addımlara qarşı özünün reallıqla heç bir əlaqəsi olmayan, daha çox ermənilərin revanşist duyğularından süzüb gələn mövqe ortaya qoyurdu. Məğlub Ermənistanı, təbii ki, heç kim dinləməyəcəkdi…

10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində yazılanları bir daha diqqətinizə çatdıraq. Sənəddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Əslində bu bəyanat imzalanan gündən Ermənistan tərəfi sənədin bütün maddılırini, bəndini təhrif edib, ya da ümumiyyətlə, başqa istiqamətə yozub. Sülhməramlıların yerləşdirilməsi, daxili qaçqınların öz evlərinə qayıtması kimi müddəalardan isə söhbət gedə bilməz. Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxartmadı, əksinə yeni silahlarla təmin etdi, özünün istehsal etdiyi minaları Azərbaycan ərazilərinə yeni qurbanlar üçün yerləşdirdi. Nəticədə 300-dər artıq soydaşımız mina qurbanı oldu. Müharibə ona görə dayandırıldı ki, separatçılığa son qoyulsun, Azərbaycanın suveren hüquqları tanınsın, ermənilərin reinteqrasiyası baş tutsun. Amma bunların heç biri olmadı. Naxçıvana çəkilən bütün kommunikasiya xəttləri yarımçıq qaldı, Ermənistan tərəfi Zəngəzurda nəqliyyat xəttlərinin davamını gətirmək istəmədi. Bu günə qədər də heç bir iş görülməyib.

Paşinyan bəyanatda “nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarına verilməsi” bəndindən imtina edib. Uzun müddət idi ki, Paşinyan bununla bağlı eyhamlar vururdu. Ermənistan parlamentində 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı baş nazir açıq mətnlə bildirdiki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bu isə sözügedən bəndin aradan qalxmasıdır.

Paşinyan bununla Zəngəzurdan keçəcək yüklərə də Ermənistan tərəfinin nəzarət edəcəyinə işarə vurub. Bu, o deməkdir ki, Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək. Bu həm də o deməkdir ki, Ermənistan Zəngəzurda dəhliz yox, adi yol açmağı planlaşdırır. Ekspertlər bunu Nikol Paşinyanın Rusiyaya qarşı növbəti demarşı kimi də qiymətləndirirlər.

Əslində Paşinyanı danışdıran, onu Rusiyaya kafa tutmağa vadar edən məqam bir tərəfdən Fransanın timsalında Avropa Birliyinin təhrikçi siyasətidirsə, digər tərəfdən bölgədə formalaşan reallıqdır. Ermənistan Azərbaycandan Zəngəzur dəhlizinə görə çox güzəştlər qoparmaq niyyətində idi. Yola nəzarətdən tutmuş, rüsumlara qədər. Amma İrəvan bu məsələdə də uduzdu, imtahandan kəsildi, deyə bilərik. Fransanın regiona soxulmaq cəhdi və regional gücləri nəzərə almaması Ermənistanı da çətin duruma salıb. 30 ildir ki, Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Azərbaycanın razılığı olmadan hansısa beynəlxalq layihədə ola bilmənin xam xəyal olduğunu İrəvan çoxdan anlayıb. Rusiyanın ağuşundan düşən və hələlik himayəsiz qalan İrəvan Avropanın, Fransanın onu öz qanadı altına alacağını düşünürkən, hələlik bütün bunların baş vermədiyini anlamağa başlayıb. Rusiya isə İrəvanı hələlik qucağından yerə qoyub, amma ondan imtina etməyib.

Azərbaycan alternativ olmasa da, Naxçıvana gedən yolların bu dəfə İrandan keçəcəyini Ermənistana da sübut edib və artıq İranla bu sahədə müqavilələrin bağlandığını da hər kəs bilir. Deməli, İrəvan bu dəfə də Azərbaycanın təklifini dəyərləndirə bilmədi, ona uzanan əli dəf etməklə özünü quyunun dibinə saldı. Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyib, amma hələlik bu marşrut öz aktuallığını itirib. Zamanı çatanda Zəngəzurla da gedəcəyik. İrəvanın, daha dəqiq düsək, Paşinyanın 9-cu bənddən imtinası isə daldan atılan daşa bənzəyir. Nikol o daşın geri qayıdacağı günü gözləməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə