Maduro növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir

Venesuela prezidenti Nikolas Maduro 2020-ci ilin sonuna planlaşdırılmış parlament seçkilərinin təcili keçirilməsini təklif edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Maduro yenidən prezident seçilməsinin bir illiyi münasibətilə tərəfdarları qarşısındakı çıxışında deyib: “Gəlin, gücümüzü seçkilərdə sınayaq. Gəlin, seçkilər keçirək. Gəlin, erkən Milli Assambleya (parlament) seçkilərinə gedək. Biz sülh, seçki, konstitusiya, demokratik qərarlar üçün çağırış edirik. Mən seçki istəyirəm ki, kimin qalib olduğunu görək”.

Qeyd edək ki, Venesuelada əvvəlki parlament seçkiləri 2015-ci ildə keçirilib.

Bu il yanvarın 21-dən prezident Maduronun əleyhinə kütləvi etirazlar başlayıb. Milli Assambleyanın rəhbəri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan etmişdi. Bir çox Qərb dövlətləri və ABŞ Quaydonu dövlət başçısı kimi tanıdıqlarını bildiriblər.

Maduro isə parlamenti ABŞ-ın əlində “oyuncaq” adlandırıb. Rusiya, Çin, Türkiyə və onların təsir dairəsində olan bəzi ölkələr isə Maduronu legitim prezident kimi dəstəkləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə