Nquen Fu Çonq Vyetnamın yeni prezidenti seçilib

Vyetnam Sosialist Respublikasının parlamenti oktyabrın 23-də hakim Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquen Fu Çonqu ölkənin yeni prezidenti seçib. SİA Vyetnam KİV-lərinə istinadla xəbər verir ki, Nquen Fu Çonqun namizədliyini ölkə konstitusiyasına əsasən, ölkə rəhbərliyini təyin etmək və istefaya göndərmək səlahiyyətinə malik qanunverici orqanın deputatları dəstəkləyib.

Nquen Fu Çonq Vyetnamın müasir tarixində eyni vaxtda partiya rəhbəri olaraq ölkə prezidenti seçilmiş ikinci şəxsdir. Buna qədər analoji funksiyalara 1945-ci il avqust inqilabından sonra 1969-cu ilədək ölkəyə rəhbərlik etmiş Vyetnam milli-azadlıq hərəkatının lideri, Vyetnam Demokratik Respublikasının ilk prezidenti Ho Şi Min sahib olub.

Xatırladaq ki, Vyetnamın dövlət başçısı postu sentyabrın 21-də prezident Çan Day Kuanqın vəfatından sonra boş qalmışdı. Prezidentin ölümündən sonra dövlət başçısı postu müvəqqəti olaraq vitse-prezident Danq Thi Nqok Thinə həvalə edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...