Twitter 2 ayda 70 milyondan çox hesabı blok edib

Twitter sosial şəbəkəsinin rəhbəri son iki ay ərzində platformada saxta məlumatların yayılmasının azaldılması məqsədilə 70 milyondan çox saxta və şübhəli hesabları blok edib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, 2017-ci ilin oktyabr ayında başlayaraq sosial şəbəkədə hesabların blok edilməsi ilə bağlı fəaliyyətin tempi iki dəfə artıb və son aylarda gündəlik olaraq 1 milyondan çox hesab bloklanıb.

Sosial şəbəkə istifadəçilərinin sayının azalmasına baxmayaraq, Twitter şirkəti həyata keçirdiyi bu kampaniyanın sürətini artırmaqdadır. Platformanın vitse-prezidenti Dela Harvi bildirib ki, əgər insanlar özünü təhlükədə hiss edirlərsə, burada azad söz o qədər də vacib deyil.

May ayında sosial şəbəkə pozuntularla bağlı alqoritmlərində dəyişiklik etdirklərini açıqladı. Məlumata görə, şirkət növbəti həftə bu təşəbbüslə bağlı yeni bir bəyanat verəcək.

Mənbələrə görə, Twitter siyasətindəki son dəyişikliklər Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsi ilə əlaqədar iddia edilən istintaqla əlaqəlidir.

Qeyd edək ki, ötən ilin may ayından etibarən, Rusiya hökumətinin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə təsiri ilə bağlı iddianın istintaqı xüsusi prokuror Robert Mueller tərəfindən aparılır.

O artıq 13 rusiyalı, 1 hollandiyalı və 5 amerikalı olmaqla 19 nəfərin günahkar olduğunu açıqlayıb.

ABŞ-ın prezidenti Donald Tramp və onun köməkçiləri seçkiqabağı təşviqat zamanı Rusiya Federasiyasının rəsmiləri ilə hər hansı qanunsuz əlaqələrdən şübhələnmədiklərini dəfərlərlə açıqlayıblar. Moskva da öz növbəsində ABŞ-da seçkilərin gedişinə təsir göstərməklə bağlı cəhd iddialarını dəfələrlə yalanlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə