UEFA Xorvatiya klubunu cəzalandırıb

UEFA Xorvatiyanın “Hayduk” komandasını cəzalandırıb. SİA-nın məlumatına görə, buna, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin iyulun 13-də baş tutmuş “Hayduk” - “Levski” (Bolqarıstan) oyununda meydan sahiblərinin azarkeşlərinin davranışı səbəb olub. Belə ki, Splitdə keçirilən və meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnən oyunda xorvat azarkeşlər iğtişaş yaratmış, nəticədə 3 bolqar azarkeş xəsarət almışdı.

Bu komandalar arasında Sofiyada keçirilən cavab oyununda da qalib gələn (2:1) Xorvatiya təmsilçisi 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Ancaq xorvatlar növbəti mərhələdə, Danimarka “Brondbü”sünə qarşı ev oyununu azarkeşsiz keçirməli olacaq. Belə ki, UEFA “Levski” ilə oyundakı xoşagəlməz hadisələrə görə “Hayduk”a bir oyun azarkeşsiz oynamaq cəzası verib. Xorvatlar əlavə olaraq, 50 min avro məbləğində cərimə də ödəməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə