İzmirdə TÜRKPA-nın 8-ci Plenar İclası keçiriləcəkdir

20-21 noyabr 2018-ci il tarixində Türkiyə Respublikasının İzmir şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) evsahibliyində TÜRKPA-nın 8-ci Plenar iclası keçiriləcək. Türkdilli ölkələrin Parlament Assambleyasının ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlummata görə, plenar İclasdan öncə Assambleya Şurasının iclası baş tutacaq, sədrlik Qırğızıstan Respiblikası Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil veriləcək.

21 noyabr tarixində 8-ci Plenar İclas çərçivəsində TÜRKPA-nın 10 illiyinə həsr edilmiş “TÜRKPA-nın ilk 10 ili və Parlamentlərarası əməkdaşlığın gələcəyi: Yeni yanaşmalar” adlı Beynəlxalq konfrans keçiriləcək.

Üzv ölkələrin parlament Sədrləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatlar tədbirdə iştirak edəcək.

Plenar İclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının sonuncu iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA Beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkilərini və Azərbaycanda keçirilən prezident seçkiləri haqqında hesabat məruzələri daxildir.

Plenar İclasın yekununda İzmir bəyannaməsi qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə