“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı rus dilində buraxılıb

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiya Federasiyasının Orexova-Zuyevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində çap olunub. AMEA Naxçıvan Bölməsindən bildiriblər ki, kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları – professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Ramiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.

Müəlliflər Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilərin, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonalarını müəyyənləşdirib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırıblar. Kitabda, həmçinin Naxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki mövcud vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin yayılma zonaları müvafiq xəritələrdə əksini tapıb. Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda, onların bu bitkilərin toplanması, qurudulması və saxlanması qaydaları göstərilib.

Kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Tofiq Məmmədovdur.

Nəşr Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.

Bütün xəbərlər Facebook səhifəmizdə