İnzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qərar qəbul edilib

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

DMX-dən SİA-ya verilən məlumata görə, 2017-ci ilin noyabr ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 1434 qərar qəbul edilib. Qəbul edilən qərarlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması ilə bağlı, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 23-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7630 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2017-cı ilin noyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52988 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Ay ərzində DMX-nin “Çağrı mərkəzi” nə isə 9188 zəng daxil olub.

Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən noyabr ayı ərzində respublikanın müxtəlif şəhər və rayonlarında 4 maarifləndirmə tədbiri keçirilib və 2 səyyar xidmət təşkil edilib. O cümlədən, “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar Azərbaycanda qaçqın statusu almış ailələrdə böyüyən uşaqların və valideynlərinin iştirakı ilə DMX-nin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində bayram süfrəsi arxasında görüş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə