"Rəsmi Tbilisi bundan özü üçün müəyyən nəticə çıxarmalıdır" ÖZƏL-RƏY

"Rusiyanın Gürcüstana münasibətində narahatlıq kifayət qədər göz qabağındadır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib

Politoloqun sözlərinə görə, Qara dəniz akvatoriyasına Qərbin müdaxiləsi 2 - Ukrayna və Gürcüstan istiqamətlərində baş verir: "Ukrayna istiqamətində baş verən müdaxiləyə Rusiya özü cavab vermək niyyətindədir. Gürcüstanın hərəkətləri RF üçün dözülməz olur. Amma Gürcüstan ərazisindən cavab vermək üçün isə əsas vasitə Ermənistandır. Suriya kampaniyasında Ermənistanın iştirakı Rusiyanı buna daha da ruhlandırıb. Rusiya istənilən anda Ermənistanı Gürcüstanın üzərinə qaldıra bilər və əgər Gürcüstan ərazisi vasitəsilə Qərb Qara dəniz akvatoriyasında hərbi müdaxiləni genişləndirsə o zaman Ermənistan Cavaxetiya ermənilərinin vəziyyətini əsas götürərək Gürcüstana hücum edəcəkdir.

2011-ci ilin yüklərin monitorinqi müqaviləsinin implimentasiyası RF-Gürcüstan- Ermənistan müstəvisində yeni hadisəni üzə çıxarıb: Rusiya Ermənistana alternativ yol açdığını deyir. RF Xİ nazirinin müavini Q.Karasin Yerevanda bu məsələni açıqladı. Amma eyni zamanda həmin Karasinin kurasiyasında olan Cənubi Osetiyanın Xİ “naziri” alman mətbuatına verdiyi müsahibədə Cənubi Osetiyanın bir hissəsinin hələ də Gürcüstanın tərkibində qaldığını bildirdi və Medoyevin fikrincə, bu ərazilər də vahid Osetiyanın tərkibinə qatılacaq.

Z.Abaşidze və Q.Karasinin fevral ayında keçirilən növbəti görüşündən sonra bəlli oldu ki, Ermənistanın ümid etdiyi yol açılmadı. Bu, Cənubi Osetiyanın Gürcüstana qarşı ərazi iddiaları planın reallaşması ehtimalını artırır. Cənubi Osetiya Gürcüstanın ərazisini işğal etməyə başlayacaq. Bu ərazi Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionu ilə Cənubi Osetiyanın arasındakı ərazidir. Bu ərazi işğaldan sonra Cənubi Osetiyanın və yaxud Cavaxetiya ermənilərinin nəzarəti altına keçəcək. İşğal aksiyasında Cənubi Osetiya hərbçiləri adı ilə rus hərbçiləri öndə olsalar da, erməni hərbçiləri də vacib rol oynayacaqlar. Gürcüstan ordusunu işə salacağı təqdirdə Ermənistan ordusu Gürcüstanın üzərinə yeriyəcək. Çünki Cavaxetiya erməniləri özlərinin soyqırıma məruz qaldığını iddia edəcəklər və bu məqsədlə Ermənistandan kömək istəyəcəklər. Ermənistan Rusiyanın təkidi ilə hərbisini Gürcüstanın üzərinə yeridəcək.

Rusiya ilə Ermənistan arasındakı son hərbi anlaşmalara- yeni hərbi texnikanın, o cümlədən SU-30 SM qırıcı təyyarələrinin verilməsinə bu prizmadan yanaşmaq daha düzgündür.

Hadisələrin gedişi Gürcüstan rəhbərliyinin davranışından asılıdır. Gürcüstanda siyasi mühitin böyük bir qismi ermənilərin təsiri altındadır. Gürcüstan rəhbərliyi kifayət qədər ciddi korrupsiya ilə məşğuldur. Gürcüstan rəhbərliyi ölkənin idarəçiliyi ilə normal məşğul olsalar, ermənilərin təbliğatının təsiri altından çıxsalar indi bu böyük təhlükəni aradan qaldıra bilərlər. 2008-ci il avqust hadisələri-5 günlük Cənubi Osetiya müharibəsi zamanı Ermənistanda taxıl və benzin qıtlığı yarandı. İndi Gürcüstan hal-hazırda Ermənistanda belə vəziyyət yaratmaqla Ermənistanla Gürcüstan arasında bir-birinə qarşılıqlı hücum etməmək haqqında müqaviləni imzalatdıra bilər. Yeri gəlmişkən deyək ki, Gürcüstanda bir müddət əvvəl belə müqaviləni imzalamaq aktual idi. Ermənistan razılaşmadı. Rəsmi Tbilisi bundan özü üçün müəyyən nəticə çıxarmalıdır. Düzgün nəticə Ermənistanı işğalçılığın davamından əl çəkməyə vadar edə bilər; Azərbaycanın işğal olunmuş ərazilərindən qoşununu çıxaran Ermənistan, həm də Gürcüstan üçün təhlükəsiz qonşuya çevrilə bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə